Qarabağda özəl sektorun inkişafına üstünlük verilməlidir


İşğaldan azad edilmiş ərazilərin qısa zamanda dirçəlməsi üçün təkliflər nəzərə alınmalıdır

Universitetlər olacaqsa, ətrafında xidmət sektoru da yaranacaq. Bu da iş yerləri deməkdir. Məsələn, ABŞ-dakı kimi “Disneylənd” şəhərcikləri salına bilər

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

30 ilə yaxın müddətdə doğma yurdlarına həsrət qalan əhali Qarabağa Böyük Köçün başlanacağı günü səbirsizliklə gözləyir. Əlbəttə, söhbət əhalinin kütləvi şəkildə doğma evlərinə qayıtmasından gedir.  Qarabağa həyat onun işğaldan xilası ilə qayıdıb zatən.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişləri, tapşırıqları, birbaşa nəzarəti ilə Qarabağda quruculuq, abadlıq, yenidənqurma işləri Zəfər çaldığımız gündən başlandı. Dövlət başçısının Zəfər günündən ötən 1 il ərzində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi inkişafı, əhalinin qayıdışını əks etdirən fərman və sərəncamları, Prezident, həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün Qarabağ bölgəsinə mütəmadi səfərləri dövlətin bu sahəyə necə həssaslıq və diqqətlə yanaşdığının əyani sübutudur. 

Hazırda dövlətimizin qarşısında duran ən ümdə məsələ Qarabağın dirçəldilməsidir. Təbii ki, bunun üçün nə dərəcədə iqtisadi resurslar tələb olunursa, bir o qədər, hətta daha da artıq dərəcədə insan resurslarına ehtiyac var. Hər iki resurslara da Azərbaycan malikdir. Əhalinin işğaldan azad edilmiş ərazilərdə qısa zamanda  məskunlaşması üçün lazımi addımlar atılır və atılacaq, həmçinin gərəkli layihələr də həyata keçiriləcək. Məsələn, kənd təsərrüfatı ilə bağlı strateji inkişaf planı hazırlanıb.  Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Trend-ə açıqlamasında deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kənd təsərrüfatı sahəsində strateji inkişaf planı, ilk növbədə vətəndaşların doğma torpaqlarına tezliklə qayıtmasını nəzərdə tutur:

- Mərkəzin planlaşdırdığı bütün layihələr kənd təsərrüfatı sahəsi üzrə xidmətlərin təmin olunması və fermerlərin heyvandarlıqla məşğul olması üçün şəraitin yaradılması ilə bağlıdır. Bütün bu işlər artıq planlaşdırılıb və onların reallaşdırılması əhalinin azad edilmiş ərazilərə qayıtması ilə birgə tədricən həyata keçiriləcək. Bundan başqa, Azərbaycan hökuməti azad edilmiş ərazilərdə iqtisadiyyatın innovativ texnologiyalara əsaslanması barədə qərar verib", - deyə o, bildirib. Mərkəz direktoru, həmçinin qeyd edib ki, bütün işlər "ağıllı kənd" təsərrüfatı modeli üzrə reallaşdırılacaq. "Bu model iqtisadi baxımdan ənənəvi modeldən daha səmərəlidir. Ona görə də bütün inkişaf mexanizm və alətləri sırf innovasiya və texnologiyalara əsaslanacaq",  F.Fikrətzadə deyib.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərə qayıdacaq əhalinin repatriasiyası və reinteqrasiyası ilə bağlı qanun layihəsinin ilkin variantı hazırdır. Bu haqda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bir neçə gün öncə Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda bildirmişdi. F.Hüseynov qeyd etmişdi ki, Qarabağda yaşayacaq əhalinin işlə təminatı üçün xüsusi məşğulluq kvotası və işə götürmənin prinsipləri üzrə razılıq əldə ediləcək: “Əhalinin ilkin məşğulluğu dövlət xətti ilə təmin olunacaq. Qayıdacaq əhalinin repatriasiyası və reinteqrasiyası ilə bağlı qanun layihəsinin ilkin variantı hazırdır. Artıq layihə Nazirlər Kabineti, Prezident Administrasiyası və rəy verilməsi üçün müvafiq qurumlara təqdim edilib”.

İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında Böyük Qayıdışın elə adı kimi də böyük bir proses olduğunu dedi:

- Əlbəttə ki, burada hər bir detal - əhalinin məşğulluğundan tutmuş, yeni iş yerlərinin yaradılmasına qədər hər bir məsələ nəzərə alınacaq. Hesab edirəm ki, burada dövlət infrastrukturunun yaradılması, təhlükəsizlik və mənzil tikintisi məsələsini üzərinə götürməlidir. Biznes sektoru, iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsinə isə daxili və xarici investorların cəlbi vacibdir. İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun fəaliyyətinə üstünlük verilməli, özəl sektor dominant rolunu oynamalıdır. Doğrudur, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün bir sıra vergi, rüsum güzəştləri tətbiq ediləcək. Amma hüquq-məhkəmə islahatlarına da ehtiyac var. 

N.Cəfərli qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərin qısa zamanda dirçəlməsi üçün təkliflər də səslənir:

- Təkliflərdən biri budur ki, azad edilmiş şəhərlərdən biri “Gənclər şəhəri” olsun. Ali təhsil müəssisələri orada fəaliyyət göstərsin. Bu, minlərlə gəncin həmin şəhərdə yaşaması, məskunlaşması deməkdir. Universitetlər olacaqsa, ətrafında xidmət sektoru da yaranacaq. Bu da iş yerləri deməkdir. Məsələn, ABŞ-dakı kimi “Disneylənd” şəhərcikləri salına bilər. Təbii ki, milli ad altında. Çox iş görmək olar və şübhəsiz ki, görüləcək də. 

N.Cəfərli qeyd etdi ki, Qarabağ bölgəsində kənd təsərrüfatı - əkinçilik, heyvandarlığa üstünlük verilir. Lakin nəzərə almaq lazımdır ki, 30 il əvvəl o torpaqlardan didərgin düşənlər artıq yaşlanıb, əvvəlki iş əmsalına malik deyillər. 

Gənclər isə əkinçiliyi, heyvandarlığı bilmir. Əhalinin məşğulluğunun təmin edilməsində qayıdışla bağlı əhali arasında xüsusi tədqiqat mərkəzlərinin keçirdiyi sorğular köməyə gələ bilər. Məşğulluğun təmini üçün əhali qruplarının hansı peşələrə, hansı ixtisaslara sahib olduğunu, hazırda hansı sahələr üzrə çalışdıqlarını bilmək vacibdir.