44 günlük Vətən müharibə bitdikdən sonra Azərbaycan Ermənistanla sülh sazişi üçün danışıqlara başlamağı təklif edir. Rəsmi Bakı rəsmi İrəvana dövlətlərarası münasibətləri normallaşdırmaq üçün baza prinsiplərini təqdim edib.
Rəsmi İrəvan isə danışıqların təşkil olunması üçün ATƏT-in Minsk qrupuna müraciət edib.
Azərban Xarici İşlər Nazirliyi ( XİN ) İrəvana təklif edilən paketdə 5 baza prinsipin əks olunduğunu bəyan edib:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Rəsmi Bakı iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra biləcəklərini qeyd edib.
Ermənistana göndərilən 5 maddəlik sülh sazişi təkliflərini "Sherg.az"a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycanın irəli sürdüyü təkliflər BMT nizamnaməsinə əsaslanır:
"Azərbaycan tərəfi Ermənistanı hüquqi müstəvidə küncə sıxışdırıb. Rəsmi İrəvan bununla razılaşmaq məcburiyyətindədir. Ermənistan prezidenti dünən and içdi. Hələ seçilməzdən öncə Azərbaycan və Türkiyəyə qarşı münasibətdə daha loyal idi. Ermənistan XİN-i Ararat Mirzoyanla türkiyəli həmkarı Mövlud Çavuşoğlunun görüşündə də Ermənistan-Türkiyə münasibətlərində əsas baza kimi Azərbaycanı önə çəkdi. Təklifləri qəbul etməmək şansı yoxdur. Lakin təsdiqləmədiyi təqdirdə Azərbaycan Ermənistanı beynəlxalq hüquqa hörmət etməyən dövlət kimi gündəmə gətirəcək. Rəsmi İrəvanın kifayət qədər problemləri var. Ölkəmiz onun ərazi bütövlüyünü tanımaq istəmədiyinə görə başqa addımlar ata bilər. Azərbaycanın İranla bağladığı Memorandum Ermənistanı blokadaya saldı, iqtisadi gəlirlərdən məhrum etdi.
5 baza prinsipləri həddən artıq dəqiq və hər iki tərəf üçün sərfəli maddələrdir. Əgər təklifləri qəbul etməsə, onları pis vəziyyət gözləyir.
Nəinki anti terror əməliyyatı, ümumiyyətlə, Ermənistan hüquqi, siyasi, iqtisadi və digər dayaqlarını itirəcək. Azərbaycan bir mənalı olaraq Xocalını, Xankəndini ermənilərin əlindən azad edəcək".
Martın 11-də Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.