Azərbaycanın dilbər guşəsi Şuşa milli mədəniyyətimizin beşiyi, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərimizin, bir çox məşhur sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin vətənidir. Musiqi, poeziya beşiyi adlanan bu sehirli şəhərdə Azərbaycanın bir çox məşhur mədəniyyət xadimləri yaşayıb-yaratmışdır. Qarabağın baş tacı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu haqda qərar TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında verilib.
Xatırladaq ki, 2021-ci ilin 7 mayında Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı olması haqqında sərəncam imzalayıb.
Təşəbbüsü yüksək qiymətləndirən xalq yazıçısı Anar Rzayev qeyd edib ki, dünya səviyyəsində kurort, mədəniyyət şəhəri olması üçün Şuşanı tanıtmalıyıq:
“Sənətimizi, tariximizi, ədəbiyyatımızı sərgiləməliyik. Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsilə Qarabağın dünyada tanıdılması işi daha geniş şəkilə həyata keçiləcəck”.
Millət vəkili Aqil Abbasın sözlərinə görə, Şuşa yaranandan mədəniyyət paytaxtıdır:
"Şuşa kimi balaca şəhərdən 150-dən çox Azərbaycanın mədəniyyət ,hərbi, elmi sahəsində xadimləri böyüyüb başa çatıb. Bu barədə yazmışdıq qurtara bilmədik. Sonra başqaları siyahıya yaddan çıxan şəxslərin adlarını əlavə etməyə başladı. Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi çox böyük tədbirlərin keçirilməsinə imkan yaradacaq. Gələn il Şuşa ilk sakinlərini qarşılayacaq. "Böyük qayıdış"ın möhürü vurulacaq. Şuşa bütün dünyanın marağındadır. Onlar Vətənimizin gözəlliyini, təbiətini görəcək, havasını udub, suyunu içəcəklər".