Türkiyə hökuməti toplanır! –“Azərbaycanla Ermənistan arasında yekun sülh...” – Rusiya "ofsaydda"

Samir Hümbətov:“Əslində rəsmi Ankara məsələnin Türkiyənin və Aİ-nin kurasiyasına keçməsinə can atır, Rusiyanı uzaqlaşdırmaq məsələsi gündəmdədir”

Əhəd Məmmədli: “Türkiyə sülh müqaviləsinin bağlanmasına daxili işi kimi baxır”


Türkiyə Nazirlər Kabinetinin aprelin 12-də keçiriləcək toplantısında Azərbaycanla Ermənistan arasında sülh prosesinin müzakirəsi baş tutacaq. Toplantıda həmçinin Rusiya-Ukrayna müharibəsi, Türkiyədə iqtisadi vəziyyət və başqa mövzulara toxunulacaq. Kabinetin söz açacağı məsələlər arasında terrorçuluğa qarşı mübarizə və yay fəslində davam edəcək əməliyyatlar da var. Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasdan sonra ölkə əhalisinə müraciət ünvanlayacaq. Qeyd edək ki, Türkiyə - Azərbaycan münasibətləri həm siyasi, həm də mənəvi müstəvidədir. İki ölkə arasında böyük iqtisadi-ticari əlaqələr mövcuddur. Qardaş və dost ölkə kimi Türkiyə Azərbaycanın mövqeyini diplomatik səviyyədə mütəmadi dəstəkləyir.

Rəsmi Ankaranın keçirəcəyi iclası "Sherg.az"a şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirib ki,  Türkiyə 44 günlük müharibə dönəmi və ondan sonrakı mərhələdə Qarabağla bilavasitə maraqlanmağa başlayıb:

"Təhlükəsizlik Şurasının toplantı keçirməsi önəmlidir. Ermənistanla Türkiyə arasında da danışıqlar prosesi gedir. Bunların da məntiqi nəticəyə varacağını düşünürəm. Aprelin 6-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan Brüssel görüşünün, əldə edilən razılığın mühüm əhəmiyyəti var. 

Moskva artıq Qarabağ məsələsində kənarlaşdırılma mövqeyinə gətirilir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin ardınca Qərb ölkələri ilə Rusiya arasında yaranan konfrontasiya durumu ATƏT çərçivəsindən çıxartdı, Avropa Birliyi ( Aİ )məşğuldur. Türkiyə - Rusiya və Aİ konfiqurasiyası var".

Politoloqun sözlərinə görə, rəsmi Ankara aktiv rol oynayaraq, yekun sülhə çalışır:

"Türkiyənin həm Ermənistanla apardığı danışıqlar, həm Azərbaycanla münasibətləri, həm də Aİ-nin mövqeyi ümumi mənzərə yaradır. Əslində rəsmi Ankara məsələnin Türkiyənin və Aİ-nin kurasiyasına keçməsinə can atır, Rusiyanı uzaqlaşdırmaq məsələsi gündəmdədir. Gələcəkdə Qarabağda müvəqqəti dislokasiya edilmiş "sülhməramlılar"ın çıxarılması, sülh müqaviləsinin imzalanması ilə əlaqəlidir.

Brüssel görüşündən sonra İ.Əliyevin Türkiyəli həmkarı R.T.Ərdoğanla telefon danışığı Rusiyanın ikinci plana keçdiyini göstərir. Başlıca hədəf Türkiyə ilə müzakirələrin aparılmasındadır".

Politoloq Əhəd Məmmədli də qardaş ölkənin Azərbaycanı Qarabağ məsələsində dəstəklədiyini vurğulayıb:

"Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan biridir. Azərbaycan Ermənistan mübasibətlərində aktiv iştirak edir. Sülh müqaviləsinin bağlanmasına daxili işi kimi baxır. Dünya ölkələrinə göstərir. Sözügedən istiqamətdə Azərbaycana təyqizlərin qarşısını almaq üçün müzakirələr gedəcək".