Vasif Əfəndi: “Ermənistan bölgəyə Fransa sülhməramlılarının gəlməsi üçün əsas yaratmaq istəyirlər”
“Lakin bu da real görünmür, çünki Türkiyə faktorunu unutmaq olmaz”
Azərbaycan Xarici işlər nazir Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş keçiriləcək. Görüş oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “İnfoteka24”ə müsahibəsində bildirib.
Siyasi şərhçi Vasif Əfəndinin “Şərq”ə açıqlamasına görə, Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşlərinin intensivləşməsi danışıqların davam etdirilməsi və münaqişənin sülh ilə nəticələnməsi üçün bir əsasdır:
“Lakin danışıqlarda konkret razılaşma əldə olunmadığı üçün sərhəddə gərginlik davam edir. Bu gərginlik konkret nəticə əldə olunmayana qədər davam edəcək. Azərbaycan Prezidenti rəsmi olaraq Ermənistanı 10 noyabr kapitulyasiya sənədinə əməl etməyə dəvət etməklə yanaşı Paşinyanı təcili qərar verməyə dəvət edir. Əks təqdirdə bu şərtlərdən irəli gələn tələbləri birtərəfli qaydada icra etməyə məcbur olacağıq. Böyük ehtimalla rəsmi olmasa da, görünür, Azərbaycan tərəfi qeyri-rəsmi olaraq Paşinyana zaman verib. Ona görə də Paşinyan ora-bura vurnuxur. Putindən kömək olmayacağını anlayan Paşinyan hazırda Fransa və ABŞ-dan dəstək almaq üçün çapalayır. Azərbaycanı şantaj etmək və müəyyən qədər zaman udmaq üçün Hindistanla hərbi sahədə yaxınlaşmaları barədə bəzi şişirdilmiş məlumatlar yayır.
Paşinyan çalışır ki, Ermənistan-Azərbaycan sərhədində ATƏT və BMT-nin təşkilatçılığı ilə beynəlxalq müşahidəçilər və sülhməramlılar qrupu yerləşdirilsin.
Rusiya isə qəti olaraq etiraz edir. Vəziyyət bizdən daha mürəkkəb və çoxgedişli siyasət tələb edir. Ona görə də sərhəddə atəşkəsin pozulması daha çox Ermənistana sərf edir. Bununla onlar bölgəyə Fransa sülhməramlılarının gəlməsi üçün əsas yaratmaq istəyirlər. Lakin bu da real görünmür, çünki Türkiyə faktorunu unutmaq olmaz. Türkiyənin iştirakı olmadan heç bir qüvvə bölgədə yerləşdirilə bilməz. Ermənistan birtərəfli qaydada bunu edərsə onların Xankəndiyə gedən yolunu tam qapadacağıq”.