Qarabağda şəhər və kəndlərimiz yeni qurulur

Azər Badamov: "Bu addımlardan da bilmək olur ki, Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ı həyata keçirir"

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"


  Ölkəmizdə ilk dəfə beynəlxalq şəhərsalma tədbirinə ev sahibliyi edərək  Milli Şəhərsalma Forumu təşkil edilib.  Tez bir zamanda Cənubi Qafqazda sülhə və əməkdaşlığa nail olmaqla Qarabağın və Şərqi Zəngəzurun yenidən bərpasını, “Böyük Qayıdış”ı ən yüksək səviyyədə tamamlamağı qarşımıza məqsəd qoyduğumuz bu günlərdə dayanıqlı şəhərsalmanın inkişafı bizim üçün hər zamankından daha böyük dəyər kəsb etməyə başlayıb. Xatırladaq ki, elə cari ilin iyun ayında Cənab Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında çıxış etmişdi və ölkəmizin şəhərlərin qurulması, bərpası və müasirləşdirilməsi sahəsində qazandığı yüksək nailiyyətləri və təcrübəni dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı. Cənab Prezident və birinci xanım Mehriban Əliyevanın, 40-dan çox ölkənin nümayəndələrinin, eləcə də  BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun iştirak etdiyi Milli Şəhərsalma Forumunun açılışının  keçirilməsi üçün Ağdam şəhərinin seçilməsi olduqca təqdirəlayiq hadisədir. Bu, bir tərəfdən “Böyük Qayıdış”ın reallaşmağa başlamasının, Ağdama həyat əlamətlərinin qaytarılmağa başlamasının sübutudur.
  Sözsüz ki, Forumun məhz işğaldan azad edilmiş və erməni vandalizminə məruz qalmış ərazilərdə keçirilməsinin çox böyük siyasi, mənəvi və tarixi əhəmiyyəti var. Forumda Dövlətimizin başçısının çıxışı isə bu tədbirin həm ölkəmiz, həm də dünya üçün önəmini göstərməklə erməni vəhşiliyinin, barbarlığının və vandalizmin təzahürlərinin bir daha dünya ictimaiyyətinə çatdırılması idi. Foruma qatılmış hər bir xarici qonaq, forum iştirakçısı erməni faşizminin təkcə Azərbaycana və Azərbaycan xalqına qarşı deyil, hətta təbiətə, dünya mirasına qarşı törətdiyi vəhşiliklərin şahidi olacaq. Bildiyimiz kimi savaş meydanında müharibə bitsə də, xalqımızın, xüsusilə də möhtərəm   Prezidentimiz cənab İlham Əliyevin hələ də müxtəlif müstəvilərdə fəaliyyətini davam etdirən erməni faşizminə qarşı mübarizəsi davam edir. Bu mənada   Prezidentimiz, möhtərəm cənab İlham Əliyevin forumdakı çıxışı təcavüzkar Ermənistanın, erməni diasporasının və erməni lobbisinin azğın və qatil mahiyyətinin növbəti dəfə ifşası idi.
  Əsas  məqamlardan biri də İlham Əliyev çıxışında “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq. Söhbət təkcə bizim regiondan getmir” kimi  mesajlar verməsi idi. 
  Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər, “Böyük Qayıdış” proqramı ilə bağlı danışan  millət vəkili Azər Badamovun sözlərinə görə, ölkə başçısı Ağdamda Şəhərsalma Forumunda çıxışı zamanı torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin törətdikləri vəhşilikləri bir daha auditoriyanın diqqətinə çatdırıb: “Dövlət başçısı qeyd etdi ki, bütün şəhərlərimiz, yaşayış məntəqələrimiz, milli-mədəni abidələrimiz ermənilər tərəfindən məhv edilib. O cümlədən, 67 məsciddən 65-i dağıdılaraq yerlə-yeksan edilib, 2 məscid isə yarımçıq qalıb. Bu, Ermənistanın iç üzünün, onların məqsədlərinin açılaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsi kimi başa düşülür. Digər tərəfdən baxmayaraq ki, ermənilər Azərbaycana qarşı uzun müddət işğalçılıq siyasəti yürüdüblər, vandallıqlar törədiblər, insanlığa xas olmayan hərəkətlər ediblər, biz bu səhifənin bağlanmasını istəyirik və qarşı tərəfə sülh təkliflərimizi göndərmişik. Bununla paralel olaraq işğaldan azad olunmuş ərazilərimiz yenidən qurulur. Torpaqlarımız işğal altında olduğu dövrdə biz qaçqın və məcburi köçkünlərimiz üçün 300 mindən mənzil tikib istifadəyə vermişik. İnsanların mənzillə təmin olunmasına baxmayaraq, onlar yenə də öz ata-baba yurdlarında yaşamaq istədiklərini bildiriblər”. Millət vəkilinin sözlərinə görə, bu gün artıq işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, yollar çəkilir, hava limanları, müasir infrastruktur yaradılır:  “Şəhərlərimizin baş planları tərtib olunub. Artıq şəhər və kəndlərimizin yenidən qurulması istiqamətində geniş addımlar atılır. Bu addımlardan da bilmək olur ki, Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ı həyata keçirir. Zəngilan rayonunun Ağalı kəndində məskunlaşmış  keçmiş məcburi köçkünlərin həyat şəraitinin müasir şəkildə qurulması, yaxud Ağdam şəhərində müasir konfrans zalının tikilərək konfransın keçirilməsi, o cümlədən yaşayış binaları, xəstəxana, məktəbin bünövrəsinin atılması, Laçın şəhərində gələn ilin sonunadək qayıdışın təmin olunacağı ilə bağlı tədbirlər onu göstərir ki, biz məqsədimizdən dönmürük. O ərazilərin sakinlərini öz doğma yurdlarına qaytaracağıq. Forumda BMT-nin nümayəndəsi və konfransa dəvət olunmuş çoxsaylı qonaqlar da Cənab Prezidentin fikirləri, Azərbaycanın mövqeyi haqqında  məlumatlı oldular və təbii ki, ölkəmizin bu məramı da dəstəklənir. Forumda çıxış edən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifin qeyd etdiyi kimi Azərbaycan bu gün dünyada şəhərsalma ilə bağlı çağırışlara çox yaxşı cavab verir. Dünya tərəfindən Azərbaycanın bu addımları dəstəklənir”.