İki il müddətinə Ağdam rayonunun bir neçə kəndinin sakinləri də öz evlərinə dönəcəklər
“Ermənilər tərəfindən işğal edilməzdən əvvəl Ağdam respublikamızın ən gözəl, müasir şəhərlərindən biri idi. Ermənilər 30 il ərzində Ağdamı talayıb viran qoyub, evlərin, binaların daşlarını belə oğurlayıb satmışdılar. İşğal dövründə ermənilər dini abidələrimizi, məscidlərimizi təhqir edib donuz, inək saxlamışdılar”. Bu sözləri “Şərq”ə açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
Ermənistan rəhbərliyi Şuşa, Laçın və Kəlbəcərdəki evlərə xaricdə yaşayan erməniləri köçürdüklərini vurğulayan deputat deyib ki, işğal olunmuş ərazilərə qeyri-qanuni məskunlaşdırma Cenevrə Konvensiyasına zidd olmaqla yanaşı, hərbi cinayət sayılır: “Ermənistan dövlətinin daha bir hərbi cinayəti nəticəsində işğal dövründə ərazilərə basdırdıqları 1 milyondan çox minanın partlaması zamanı 250 nəfər azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə Ermənistan dövləti bu gün də hərbi cinayətlərini davam etdirir. Minalanmış sahələrin aşkar edilib zərərsizləşdirilməsi çox vaxt apardığından dağıdılmış şəhərlərimizin yenidən qurulması işləri ləngiyir.
Prezident cənab İlham Əliyev Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı mərasimində işğal dövründə ermənilərin törətdikləri vəhşiliklərdən, müharibədən sonra Azərbaycanla Ermənistan arasında mövcud vəziyyət barədə ətraflı çıxış etdi. Ermənilərin Qarabağ və Şərqi Zəngəzurda törətdikləri dağıntıları, vəhşilikləri adi sözlərlə ifadə etmək mümkün deyil. Müharibədən sonra buraya gələn diplomatlar, xarici jurnalistlər və qonaqlar ermənilərin törətdikləri barbarlıqdan dəhşətə gəliblər. 30 ilə yaxın müddətdə Ermənistan dövlətinin siyasəti danışıqlar prosesini uzatmaq və nəticədə torpaqlarımızı işğal altında saxlamaq olub. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. BMT TŞ-nin Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərindən təcili və qeyri-şərtsiz çıxmaları haqqında 4 qətnaməsi 28 il kağız üzərində qaldı. Bununla bağlı Ermənistana heç bir təzyiq göstərilmədi, sanksiyalar tətbiq edilmədi. Münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərin ərazilərə səfərləri zamanı ermənilərin törətdikləri vəhşilikləri, qeyri-qanuni məskunlaşmanı öz gözləri ilə görüb, lakin Ermənistanın bu hərəkətlərini qınayacaq bəyanat belə səsləndirməyiblər”.
Azərbaycanın hərbi və siyasi yolla təkbaşına torpaqlarını işğaldan azad etdiyini xatırladan K.Əliyeva deyib ki, ermənilərin ərazilərimizi tamamilə dağıtmalarına, insanlarımızın çəkdiyi əziyyət və zülmlərə baxmayaraq Azərbaycan sülh bağlanmasının tərəfdarıdır:
“Prezident cənab İlham Əliyev sülh sazişinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 prinsip irəli sürüb. Əgər Ermənistan dövləti bu prinsipləri qəbul edib riayət edərsə, sülh müqaviləsi imzalayarsa, bölgədə əmin-amanlıq bərpa olunar. Ölkə başçımız cənab İlham Əliyev çıxışında Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onların hüquqlarının digər azərbaycanlı vətəndaşların hüquqları kimi qorunacağını, bu məsələnin heç bir beynəlxalq təşkilatlarla və ölkələrlə müzakirə edilməyəcəyini vurğulayıb. Azərbaycan və Ermənistan arasında sülh prosesinin yaradılmasında müəyyən müsbət addımlar atılmaqdadır. Hər iki dövlətin xarici işlər nazirləri sülh sazişi layihəsinin hazırlanması üçün görüş keçiriblər. Sərhədlərin delimitasiyası üzrə Azərbaycan və Ermənistan dövlətləri tərəfindən yaradılmış müvafiq komissiyalar da fəaliyyətə başlayıb.
Bu məsələdə Azərbaycan tarixi sənədlərə, xəritələrə, eləcə də beynəlxalq təcrübəyə istinad edəcək.
İşğaldan azad edilmiş torpaqlarımız sürətlə yenidən qurulur. Keçmiş məcburi köçkünlər tezliklə mərhələli şəkildə öz doğma ocaqlarına qayıdacaqlar. Qürurverici haldır ki, heç vaxt bu torpaqları görməyən, ata-babaları bu torpaqların sakinləri olmuş vətəndaşlarımız da buraya köçüb yaşamaq arzusundadırlar. Artıq Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış başlayıb. Buraya köçən insanların rahat yaşamaları və işləmələri üçün hər cür şərait yaradılıb. İki il müddətinə Ağdam rayonunun bir neçə kəndinin sakinləri də öz evlərinə dönəcəklər.
Qarabağ və Şərqi Zəngəzur öz sakinlərinə qucaq açacaq və bu ərazilərin dirçəldirilməsi Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcək”.