Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olan faydalı qazıntı yataqları iqtisadi dövriyyəyə cəlb ediləcək
Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə yanaşı, onun təbii sərvətlərinə də ziyan vurub. Bunun bariz nümunəsi Azərbaycanın qızıl yataqlarının qanunsuz işlənməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətdir. İşğal dövründə həmin ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti ətraf mühitə çox ciddi ziyan vurub. Qızıl və digər yeraltı, yerüstü yataqlar talan edilib, heç bir texnoloji normalar qorunmadan istismar olunub. Bununla da iqtisadi və ekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan dəyib.
Uzun illər Azərbaycan bu fəaliyyətə qarşı dövlət səviyyəsində etirazını bildirib. Eyni zamanda ölkənin ictimai təşkilatları da bu istiqamətdə öz narahatlıqlarını dəfələrlə müxtəlif platformalarda ifadə ediblər. Ermənilərin belə azğınlaşmasının əsas səbəbi beynəlxalq təşkilatlar səviyyəsində onların işğalçılıq siyasətinin pislənməməsi, Azərbaycanın ərazilərinin zəbt edilməsi, eləcə də həmin ərazilərdə silahlı dəstələrin mövcudluğu olub. Acınacaqlısı budur ki, istismarda xarici şirkətlər, xüsusilə də erməni mənşəli biznesmenlərin yaratdığı şirkətlər yaxından iştirak edərək beynəlxalq konvensiyalar və Azərbaycan qanunlarını ciddi şəkildə pozublar.
Otuz ilə yaxın bir dövrdə ölkəmizin strateji əhəmiyyətli mineral yataqları, o cümlədən, qızıl yataqları Ermənistan və onun havadarları olan xarici şirkətlərlə birgə istismar edilib, Azərbaycanın milli sərvətləri talan edilib. 44 günlük Vətən müharibəsi torpaqların işğaldan azad edilməsi ilə yanaşı, həmin milli sərvətlərimizin də qorunmasına zəmin yaradıb.
İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial inkişafında tarixi mövqeyi bərpa edilməli, yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı iqtisadi inkişafı burada potensial resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafının sabit və tarazlı dinamikası, turist biznes resurslarının potensialı, onlardan istifadə, ərzaq təhlükəsizliyi qlobal səviyyədə aktual olan məsələlər sırasındadır.
Hazırda azad edilmiş ərazilərə qayıdış həm də bu yataqların yenidən ölkəmiz üçün istifadəsinə imkan verir. Bu gün ölkəmiz üçün mühüm olan hadisələrdən biri Qarabağın azad edilmiş ərazilərində mis, qızıl, digər faydalı yataqların işlənməsidir.
Real sosial-iqtisadi və siyasi dəyişikliklər bizi geoloji kəşfiyyat işlərinin strateji planı və prioritetlərində bir sıra ciddi düzəlişlər etməyə məcbur edib. Bura işğaldan azad edilmiş regionlarımızda zəngin faydalı qazıntı yataqları, yeraltı su ehtiyatlarının axtarışı daxildir. Əsas prioritet işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının kəşf edilməsi, monitorinqi, yenidən qiymətləndirilməsi və xalqımızın istifadəsinə verilməsi olacaq.
Qeyd edək ki, növbəti ilin ölkə üzrə xammala olan tələbatı nəzərə alınaraq Geoloji İnformasiya Fondunda saxlanılan məlumatlar təhlil edilib və növbəti il üçün hərraca çıxarılması planlaşdırılan yataq sahələri razılaşdırılması üçün aidiyyəti dövlət qürumlarına göndərilib.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidovdünən keçirilən mətbuat konfransındabildirib ki, 2023-cü ildə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əsas prioritet sahələrindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olan faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir:
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına “Böyük Qayıdış”la bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən, agentlik faydalı qazıntı yataqlarının istifadəyə verilməsi və yer təkinin mühafizəsinin təmin edilməsi ilə bağlı işləri həyata keçirəcək. İlkin mərhələdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur.
Agentlik olaraq bu sahədə yeni innovativ yanaşmanın tətbiq olunması üçün 2023-ci ildə “Yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi” istifadəyə veriləcək:
"Yaradılmış platformanın həm yer təki sahəsində fəaliyyət göstərən istismarçılara, həm də agentliyin fəaliyyəti üçün bir sıra üstünlükləri var. Bildirmək istərdim ki, hazırlanmış platforma vasitəsilə yer təki sahəsində fəaliyyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada yerinə yetirə biləcək”.
Onun sözlərinə görə, hesabatların təqdim edilməsi, razılaşdırılması zəruri olan sənədlərin və digər müraciətlərin şəxsi kabinet vasitəsilə onlayn formada göndərilməsi təmin ediləcək:
“Platformanın digər üstünlüyü maarifləndirici məlumatların yer təki istismarçılarına verilməsidir. Belə ki, platformada yerin təki ilə bağlı mövcud qanunvericilik aktları və bu sahədə müəyyən edilmiş norma və standartlar barəsində məlumatlar öz əksini tapacaq. Həmçinin gələcəkdə mövcud qanunvericilik aktlarında dəyişiklik edildikdə istismarçının şəxsi kabinetinə həmin məlumatlar göndəriləcək".
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev isə işğaldan azad edilmiş ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatını açıqlayıb.
Söyüdlü qızıl yatağında 112,5 ton resurs olduğunu vurğulayan Ə.Əliyev Vejnəlidə 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, Dəmirli yatağında 457 min ton mis, Qızılbulaq yatağında 13,7 ton qızıl olduğunu da əlavə edib: “Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb”.
Ə.Əliyev bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yataqların qanunsuz istismarına etiraz olaraq başlanan aksiya dekabrın 3-dən davam edir. Hazırda bununla bağlı danışıqlarda hər hansı bir nəticə əldə olunmayıb: “İşğal dövründə Ermənistan və onun xarici havadarları əsasən iri yataqların istismarı ilə məşğul olublar. Beynəlxalq konvensiyalar və Azərbaycan Respublikasının qanunları pozularaq ölkəmizin ərazisində mineral xammal ehtiyatlarının istismarı aparılıb. Burada əsasən 30-a yaxın ölkənin şirkətləri iştirak edib. Bunlar Kanada, Avstraliya, ABŞ, İngiltərə, Almaniya, İsveçrə, Rusiya, Hindistan kimi ölkələrin şirkətləridir. Mineral xammal ehtiyatları qanunsuz istismar edilərək Ermənistana və oradan xarici ölkələrə daşınıb.
Əsasən iri qızıl və mis yataqlarında ciddi istismar işləri aparılıb. Həmin yataqlar Kəlbəcər rayonu ərazisindəki “Söyüdlü” və “Qızılbulaq” qızıl yataqları, Tərtər rayonu ərazisindəki “Dəmirli” mis yatağı, eyni zamanda Zəngilan rayonu ərazisindəki “Vejnəli” qızıl yatağıdır. Burada əsasən “Sterlite Gold” LTD, “Base Metals” LTD, “First Dynasty Mines” LTD, “GeoproMining Gold” Company, “Armenian Copper Program”, “Vallex Group”, “Global Gold”, “Vedanta Resources” şirkətləri fəaliyyət göstərib”.