"Zənnimcə, təxribat zamanı istifadə edilənlər də şimal qonşumuzdan gəlib. Yəni İranındır, amma ruslar bəzi detalları dəyişdirərək istifadə edirlər"
Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.
Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.
Qeyd edək ki, Ermənistan tərəfinin istifadə etdiyi PUA-ların Iran istehsalı olması ilə bağlı iddialar var.
İranın hər zaman bizim düşmənimiz olduğunu deyən ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Qəniyev "Sherg.az"a bildirib ki, cənub qonşumuz Zəngəzur dəhlizinin açılmaması üçün əlindən gələni edir:
"Çünki bu dəhlizin açılması ilə rəsmi Tehran və İrəvan arasındakı əlaqələr məhdudlaşır. Yəni bütün gediş -gəliş yoxlama şəraitində baş tutacaq.
Bu səbəblə də molla rejimi Ermənistana hərtərəfli dəstək verir. Həmçinin bu provokasiya Paşinyanın oyunlarıdır. Çünki onun Rusiya səfərinin ardından belə bir təxribat törədilib.
Ümumiyyətlə, biz Brüssel görüşləri ərəfəsində də belə bir təxribata hazırlıqlı olmalıyıq. Bu oyunda isə əsas fiqur Rusiyadır. Kreml Qarabağda sabitliyin təmin edilməsini istəmir. Ona görə də belə təxribatlara əl atırlar".
Ekspert əlavə edib ki, Azərbaycan silahlı qüvvələri onlara lazımi cavabı verib:
"Düzdür, ermənilər itkiləri gizlədirlər. Lakin mən ən azı onların 50-60 nəfər itki verdiyini ehtimal edirəm. Belə hadisələr olacaq və hər zaman hazırlıqlı olmalıyıq. Həmçinin cənab Ali Baş Komandana güvənməliyik. Çünki onun çıxışının üzərindən bir ay keçməmiş bütün dedikləri həyata keçirilir.
Ermənistan tərəfinin isə “buynuzu qaşındığı üçün üçün çomağa sürtünür". Bu yaxınlarda "çomaq" onların yenidən başına enə bilər. Aldığım məlumatlara əsasən yaxın günlərdə çox sevindirici xəbərlər alacağıq".
E.Qəniyevin sözlərinə görə, Azərbaycan ermənilərə dronları İranın verdiyini sübut etmək üçün dəlil toplamalıdır:
"Əks halda cənub qonşumuz bunu boynundan atacaq. Çünki Ukrayna döyüşlərində rusların İran dronlarından istifadə edilməsini də onlar üzərindən atırlar.
Hətta bunun təxribat olduğunu və Rusiya dronları olduğunu iddia edirlər. Çünki Rusiyada İran dronlarını istehsal edən zavodlar açılıb. Zənnimcə, təxribat zamanı istifadə edilənlər də şimal qonşumuzdan gəlib. Yəni İranındır, amma ruslar bəzi detalları dəyişdirərək istifadə edirlər. Digər tərəfdən İsrail Prezidentinin Azərbaycan səfərindən sonra çox şey dəyişəcək.
Hətta ola bilsin ki, İsraildə olan Hava Hücumundan müdafiə sistemləri ölkəmizdə qurulsun. İnanıram ki, şəhidimizin, yaralılarımızın qanı yerdə qalmayacaq və Azərbaycan ordusu həmişə olduğu kimi düşmənə layiqli cavab verəcək".