Şəhər yenidən qurulur, bu isə Azərbaycan dövlətinin gücündən, potensialından xəbər verir
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşeləri mayın 24-də Laçına səfər edib.
Səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Səfərin məqsədi “Lachin Climate Action Dialogue”da qatılıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu il Azərbaycanın COP29- a ev sahibliyi edəcəyini vurğulayıb. O bildirib ki, bütün ərazilərdə olduğu kimi işğaldan azad olunan ərazilərdə də yaşıl enerjiyə üstünlük verilir: “Qarşımıza qoyduğumuz məqsədlərə nail olmağı hədəfləyirik. Biz bunun üçün bütün səyləri gücləndirmək niyyətindəyik.
Yaşıl enerjinin müsbət cəhəti hər yerdə istehsal oluna bilməsi ilə bağlıdır. Lakin bunun üçün yatırımlara, innovasiyalara ehtiyac var. Buna isə yalnız tərəfdaşlıq və əməkdaşlıq sayəsində nail olmaq olar. Biz bu məqsədə bir-birimizi dəstəkləyərək nail ola bilərik. Əgər biz COP29-un ev sahibi kimi uğurlar qazansaq, bu, bütün dünya üçün faydalı olar”.
“COP29-un proqramı təkcə maliyyə məsələləri ilə məhdudlaşmayacaq. Su problemləri, torpaqların deqradasiyası, yaşıl kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sağlamlıq, gənclər və s. kimi bir çox digər vacib məsələlər var. Bakıda bu məsələləri müzakirə edəcəyik".
Bunu isə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat mərasimində deyib. M.Babayev qeyd edib ki, maliyyə COP üçün əsas mövzusudur: "Bu, o qədər də asan deyil, sövdələşmə çətindir, xüsusən də inkişaf etməkdə olan ölkələrin bu maliyyəyə olan gözləntiləri çox yüksək olduqda uyğun yol tapmaq lazımdır. Biz tərəflərin mövqeyini bir-birinə daha da yaxınlaşdırmaq üçün əlimizdən gələni etməliyik və düşünürəm ki, tərəflərdən bəzi müsbət siqnallar var. Bütün ölkələr indi öz səylərini birləşdirməyin, bir-birini başa düşməyin nə qədər vacib olduğunu anlayırlar. 2024-cü ildə Bakıda yaxşı nəticələr tapmaq üçün bu, vacibdir". Nazir əlavə edib ki, COP təşəbbüslərini hazırlamaq üçün hələ vaxt var: “Ona görə də biz bunu sizinlə müzakirə etməyə çox açığıq. Eyni zamanda builki təqvimimiz haqqında sizə bir qədər məlumat vermək istərdim. Ən az inkişaf etmiş ölkələrlə, adalarla görüşmək üçün Antiqua, Barbudaya getməyi planlaşdırırıq. Düşünürəm ki, bizim çoxlu suallarımız, onlarla müzakirə edəcəyimiz mövzular var. Biz orada bir neçə əlavə tədbirlər təşkil etməyi, həm də ölkəmizi dünyaya tanıtmağı, bu böyük proqramı, bu böyük öhdəliyi necə yerinə yetirməyə hazır olduğumuzu göstərməyi planlaşdırırıq".
Millət vəkili Ceyhun Məmmədov isə “Sherg.az”a açıqlamasında deyib ki, diplomatik korpus rəhbərlərinin Laçın səfəri mövcud vəziyyətin öyrənilməsi, həm də əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir:
“30 il ərzində işğalçı Ermənistan işğal altında saxladığı ərazilərdə ekoloji və mədəni soyqırım həyata keçirmişdi. Evləri yandırıb, təbii sərvətlərimizi məhv etmişdi. 44 günlük müharibədən sonra işğaldan azad olunan Laçında isə artıq sürətli bərpa, yenidənqurma işləri aparılır. Şəhər yenidən qurulur, yenidən öz gözəl simasına qayıdır. Bu isə Azərbaycan dövlətinin gücündən, potensialından xəbər verir. Bu baxımdan mütəmadi olaraq dünyanın müxtəlif ölkələrini təmsil edən səfirlik işçilərinin, konsulların, media nümayəndələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunan bölgələrə səfərləri müstəsna əhəmiyyətə malikdir. Səfər çərçivəsində xarici ölkələrin diplomatları Azərbaycanın işğaldan azad olunan ərazilərdə yaratdığı şəraitlə tanış olurlar. Demək olar ki, ölkəmizdə akreditə olunmuş bütün ölkələrin nümayəndələri azad olunan rayonlara baş çəkiblər”.
Laçın səfərində Fransa səfirinin iştirakına xüsusi diqqət çəkən millət vəkili hesab edir ki, Fransa ilə Azərbaycan münasibətlərinin kəskinləşməsi onlara heç bir xeyir vermir:
“Fransa rəhbərliyi də bunu dərk edib, proseslərdən ciddi nəticə çıxartmalı və münasibətlərin normallaşması üçün real addımlar atsın”.