Zərgər dəqiqliyi
Antiterror əməliyyatı Azərbaycan tarixinin ayrılmaz bir parçası kimi qürur və iftixar hissi ilə həmişə qeyd olunacaq
Bir il əvvəl, 19-20 sentyabrda uğurla həyata keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir.
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi bu əməliyyatlarda separatçılara ağır zərbələr vurulub və tərkislah edilib. Düşmən ordusunun qüdrətli ordumuzun qarşısında cəmisi 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular və nəhayət, 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda 200 illik erməni separatizminə son qoyuldu. Ermənistanın arxasındakı havadarlarına rəğmən Azərbaycan ordusu öz gücünü bütün dünyaya nümayiş etdirdi.
Qeyd edək ki, 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanatın tələblərinin Ermənistan tərəfindən kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi, üstəlik də, erməni ordusunun vaxtaşırı Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutması kimi mənfi hallar Azərbaycan ordusunu antiterror əməliyyatı keçirməyə vadar edirdi.
Sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirib. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə zərbələr endirməkdən çəkinib.
Strateji Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun “Sherg.az"a açıqlamasına görə, 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ölkəmizin hərb tarixində müstəsna əhəmiyyətə malikdir və üzərindən bir il keçməsinə baxmayaraq, antiterror tədbirləri haqqında geniş fikirlər bölüşülür. Bu mövzudan danışarkən hərbçilərimizin yüksək ustalığı və peşəkarlığı xüsusilə diqqət çəkir:
“24 saatdan da az müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, hərbçilərimizə elə bir təlimat verilmişdi ki, heç bir mülki şəxs bu tədbirlər nəticəsində zərər çəkməsin və hərbiçilərimiz zərgər dəqiqliyi ilə döyüş tapşırığını yerinə yetirdilər. Cenevrə Konvensiyası və onun əlavə protokollarına intizamla riayət edildi. Bu da müasir döyüş sənətində çox yüksək qiymətləndirilməlidir. Çünki bu gün müxtəlif regional müharibələrə, qanlı münaqişə ocaqlarına nəzər salanda görürük ki, mülki şəxslər bu müharibələrin qurbanlarına çevrilirlər. Azərbaycan Ordusu isə yüksək peşəkarlığını bir daha sübut etdi".
İ.Hüseynovun sözlərinə görə, ötən ilin sentyabrında antiterror tədbirlərini zəruri edən bir sıra siyasi məqamlar mövcud idi. Separatçı rejim bölgəyə silah-sursat daşınmasına, minaların gətirilməsinə şərait yaradırdı və eyni zamanda Laçın yolu qeyri-qanuni fəaliyyət üçün açıq idi: “Xüsusilə vurğulamaq lazımdır ki, həmin ilin 2 sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyanın qondarma rejimə təbrik məktubu artıq ölkəmizin səbir kasasını daşırdı və bu tədbirlərin keçirilməsi zəruri oldu. Cənab Prezidentin çox doğru bir zaman ərzində bu fəaliyyəti icra etməsi, bizim qələbəmizi formalaşdırdı. 44 günlük Vətən müharibəsindən sonra bütün ölkə ərazisində suverenlik təmin olundu və ardınca hərbi parad keçirildi. Xankəndidə futbol matçı keçirildi, müxtəlif dövlət qurumları Xankəndidə müşavirələr keçiriblər və eyni zamanda Prezident və parlament seçkiləri də azad, suveren ərazilərimizdə keçirilib. Üstəlik, Böyük Qayıdış layihəsi davam edir və biz ölkəmizin ərazi bütövlüyünün və tam suverenliyinin təmin olunduğu bu antiterror tədbirlərini ona görə uca sayırıq. Ona görə də bu hadisə hər zaman yad ediləcək və müasir Azərbaycan tarixinin ayrılmaz bir parçası kimi qürur və iftixar hissi ilə həmişə qeyd olunacaq”.