"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev

  • "Qarabağ və Şərqi Zəngəzurda həyat canlandıqca bütün problemlər öz həllini tapacaq”

30 il ərzində yurdundan didərgin düşən vətəndaşlara dövlət tərəfindən sosial müdafiə, mənzil, təhsil, vergi və digər sahələrdə güzəştlər və yardımlar göstərilir. 2020-ci ildə ordumuzun qazandığı şanlı qələbə nəticəsində həm torpaqlarımız işğaldan azad olundu, həm də vətəndaşlarımızın üzərindəki "məcburi köçkün" statusu tarixə qovuşdu.

Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, azad olunmuş ərazilərdə dövlət tərəfindən mənzil verilən məcburi köçkünlər 3 il müddətində sosial yardım ilə təmin olunacaqlar. Bu qərar təklif olunan yaşayış sahəsindən imtina edən vətəndaşlara da aiddir. Xatırladaq ki, məcburi köçkün statusu olan hər bir ailə üzvünə aylıq 60 manat məbləğində vahid müavinət ödənilir. Yeni dəyişikliklərə əsasən, həmin güzəştlər mənzillə təmin olunduqdan sonra, üç il ərzində qüvvədə qalacaq. Lakin Qarabağda iş imkanlarının Bakı ilə müqayisədə məhdud olduğunu nəzərə alsaq, 3 ildən sonra orada məskunlaşan soydaşlarımızın sosial vəziyyətinin necə olacağı sual doğurur.

Mövzu ilə bağlı deputat, "Qarabağa Dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev Sherg.az-a bildirib ki, torpaqlarına geri qayıdan vətəndaşların layiqincə yaşaması ilk növbədə dayanıqlı məşğulluq və iş imkanlarının yaradılmasını tələb edir:

“Dövlət bu istiqamətdə vətəndaşlarımızın rifahını təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür. Azad olunmuş ərazilərdə yeni müəssisələr və fabriklər istifadəyə verilir. Vətəndaşların məşğulluq məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər görülür və bu strategiyanın növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur. Şübhəsiz ki, reallaşdırılan hər bir təşəbbüs tək bir ali məqsədə, soydaşlarımızın öz doğma yurdlarında firavan gələcəyini təmin etməyə yönəlib. “Böyük Qayıdış” proqramı əhalinin mərhələli şəkildə öz ata-baba ocaqlarına qaytarılmasını və onların dayanıqlı məşğulluğunun təmin olunmasını hədəfləyir. Bu prosesə paralel olaraq, dövlət kapitallı layihələrlə yanaşı özəl investorlar, turizm resursları və ümumi iqtisadi imkanlar vahid hədəf naminə səfərbər olunub”.

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan bu missiyanı kənardan dəstək almadan, yalnız öz maliyyə və texniki imkanları ilə icra edir:

“Dövlətimizin həyata keçirdiyi tədbirlərin qısa vaxtda ərsəyə gəlməsi həqiqətən də təqdirəlayiqdir. Çünki 2020-ci ilin üstündən çox vaxt keçməyib. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən dərhal sonra vətəndaşların öz doğma yurdlarına təhlükəsiz və sürətli dönüşünü təmin etmək üçün bütün imkanlarını səfərbər edərək miqyaslı işlər görüb. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyat canlandıqca bütün problemlər öz həllini tapacaq”.  

T.Gəncəliyev onu da qeyd edib ki, müasir dövrdə məşğulluq, inkişaf səviyyəsindən asılı olmayaraq, aparıcı güclərdən inkişaf etməkdə olan ölkələrə qədər bütün dünyanın qarşısında duran ən kritik qlobal çağırışdır:

“Süni intellekt və yeni texnalogiyaların inkişaf etdiyi dövrdə, insanların iş imkanları ciddi təhlükə ilə üz-üzə qalıb. Lakin Azərbaycan höküməti regional müstəvidə proqnozlaşdırılan bütün riskləri qabaqlamaq üçün dövlət proqramlarını fəal şəkildə icra edir. Əminik ki, dövlət-özəl tərəfdaşlığı və vətəndaş həmrəyliyi azad olunmuş ərazilərin dirçəlişini təmin etməklə yanaşı, regionda dayanıqlı məşğulluq ekosistemini formalaşdıracaq”.