Millət vəkili: "ABŞ-Ermənistan arasında imzalanmış saziş regionda gərginliyin artmasına şərait yaradır"

"Məsələnin kökündə geosiyasi maraqlar durur və Ermənistandan böyük bir oyunda  "alət"  kimi istifadə olunur"

"Bütün bunlar, Bayden administrasiyasının apardığı qərəzli, yanlış siyasətin nəticəsidir"


ABŞ-la Ermənistan arasında saziş imzalanması, yenə də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi E.Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürüdür. Artıq bir neçə günə öz postunu tərk edəcək E.Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqdan, iqtidara gəlmiş Donald Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir. Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa - bir sözlə dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən anlaqsız duruma düşmüş prezident C.Baydendən daha çox özünü dünyaya "sülhpərvər", "mələk" qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi əksər mənfi keyfiyyətlərin daşıyıcısı olan E.Blinkendir. Bu gün Ukraynada baş verənlər, öz torpağını qoyub dünyanın müxtəlif bölgələrinə pənah aparan, döyüş bölgələrində ölən milyonlarla ukraynalının qanı Bayden Administrasiyasının, Blinkenin üzərindədir. Yaxın Şərqdə baş verənlər də dünyanı aldadan E.Blinkenin oyunlarıdır. O, Qəzzada, Livanda baş verən faciənin baiskarıdır, əli həlak olmuş on minlərlə dinc insanın qanına batıb. Mübaliğəsiz demək olar ki, bu gün dünya xalqları ABŞ-yə inanmır və bu ölkəni qarışıqlıq, təcavüz, böhran, faciə və siyasi və iqtisadi kataklizmlər ixrac edən bir mərkəz kimi qiymətləndirirlər. Bu, Bayden Administrasiyasının və Blinkenin son 5 ildəki fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət həm Amerika, həm onun dünyada imici üçün çox baha başa gəldi və iqtidarı qazanmış Trampın işini çox ağırlaşdıracaq. Blinkenin simasızlığı, riyakarlığı ABŞ-nin Azərbaycan və Ermənistan arasında danışıqlardan uzaqlaşdırılması və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi. Əslində, nə Azərbaycan, nə də erməni xalqı Blinkeni heç maraqlandırmır da. Onun əsas məqsədi gedən ayaqda bir sülhpərvər obrazı yaratmaq və çoxillik münaqişəyə son qoyan “sülh göyərçini” kimi tarixə düşmək, bəlkə də buna görə Nobel sülh mükafatı almaq idi. Amma alınmadı. Eləcə də onun Gürcüstanı qarışdırmaq, onu hərbi əməliyyatlar üçün plasdarma çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı. Blinken dünya nizamını pozaraq onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə, feminizm, LGBT ideyalarının hökmranlığına aparan sorosçu şəbəkənin parlaq nümayəndələrindən biridir. Təsadüfi deyil ki, Bayden Administrasiyasının mükafatlandırdığı şəxslər arasında Corc Soros da oldu. 

Milli Məclisin üzvü Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında imzalanmış saziş regionda sülhün yaranmasına xidmət etmir. Əksinə, gərginliyin artmasına şərait yaradır.
Deputat bildirib ki, müqaviləyə görə, ABŞ sərhəd mühafizəçilərinin Ermənistana gətirilməsi nəzərdə tutulur: 

"Hazırki vəziyyətdə Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya Federasiyasının sərhəd qoşunları tərəfindən qorunur. Eyni zamanda, Rusiyanın Gümrüdə hərbi bazası mövcuddur. Bir-birinə düşmən mövqedə duran iki böyük dövlətin silahlı qüvvələrinin balaca bir ölkədə məskunlaşması, son dərəcə təhlükəli haldır. Məsələnin kökündə geosiyasi maraqlar durur və Ermənistandan böyük bir oyunda  "alət"  kimi istifadə olunur. "Erməni məsələsi"nin beynəlxalq gündəlikdən çıxmasına imkan verməyən qüvvələrin məqsədləri, region dövlətləri arasında sülh yaratmaq yox, gərginliyin saxlanılmasıdır. İndiki vəziyyətdə, ABŞ və Avropa İttifaqı Rusiyanın Ermənistandan tamamilə çıxarılmasını, İran molla rejiminin dəyişdirilməsini, regional kommunikasiya sistemlərinin nəzarətə götürülməsini  hədəfləyir. Burada, söhbət təkcə Cənubi Qafqazdan getmir, daha böyük coğrafiyanı, bütövlükdə Yaxın Şərq regionunu əhatə edir". 

Parlament üzvü vurğulayıb ki, Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm qələbəsi, qardaş Türkiyənin son illər əldə etdiyi hərbi-siyasi uğurlar, bəzi böyük güclərin narahatlığına səbəb olub: 
"Bir çox planlar pozulub. Həmin güclərin bölgəyə təsir imkanları getdikcə azalmaqdadır. Ona görə də, Ermənistanın yenidən silahlandırılması prosesi gedir. Müqavilə imzalanan andan bəri, erməni cəmiyyətində revanşizm hissləri güclənməkdədir. Açıq şəkildə, arxalarında ABŞ və Aİ-nın dəstəyini hiss edən daşnak-millətçi kəsim yeni müharibə çağırışları səsləndirir. Bütün bunlar, Bayden administrasiyasının apardığı qərəzli, yanlış siyasətin nəticəsidir və sülhə mane olur. Tramp hökuməti, imzalanmış sazişə riayət edəcək, ya yox, çox qısa zamanda biləcəyik. Tramp praqmatik siyasətçidir. Əksər siyasi gedişləri ABŞ üçün iqtisadi effektivliyə, biznes maraqlarına hesablanır. Düşünürəm ki, Cənubi Qafqaza yönəlik siyasətində də, həmin prinsiplərə üstünlük verəcək, bölgənin lider ölkəsi Azərbaycanla qarşılıqlı əməkdaşlığı seçəcək. Düzdür, Trampın komandasında yer almış bəzi ermənipərəst şəxslərlə bağlı müəyyən çətinliklər gözlənilir. Onlarla daha çox işləmək, Cənubi Qafqaz regionuna vahid orqanizm kimi baxmağın zəruriliyinə inandırmaq lazımdır. İstənilən ayrı-seçkilik, bütün tərəflərə ziyan gətirir".