Pezeşkian “Heydərbabaya salam” şeirini yarımçıq kəsdi -RƏY

Hər kəs gördü ki, İrandakı molla rejimi hətta Azərbaycan türkcəsində şeir səsləndirilməsinə belə dözmür

Məsud Pezeşkian Təbrizin Tehranda keçirilən mədəniyyət həftəsində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxuyub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Pezeşkian çıxışını farsca edib, ancaq Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bəndi azərbaycanca oxuyub. Bu məqamda isə kənardan yaxınlaşan şəxs vasitəsilə prezidentin qulağına xəbərdarlıq edilib. Pezeşkian dərhal şeir deməyi dayandırıb və farsca çıxışına davam edərkən, azərbaycanca şeir deməkdə heç bir qəbahət olmadığını dilə gətirib. Xatırladaq ki, milliyətcə Azərbaycan türkü olan Məsud Pezeşkian daha öncələr də bəzi tədbirlərdə, qəbullarla öz dilində danışıb. 

Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, mədəniyyət həftəsində çıxış edən İran Prezidenti Məsud Pezeşkian başa düşürdü ki, təbrizlilərin qarşısında niqt söyləyərkən ana dilində - Azərbaycan türkcəsində danışmamaq və mədəniyyət həftəsində ustad Şəhriyarı xatırlamamaq böyük günah olar. Ekspertin sözlərinə görə, elə bu anlayışla da Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirini ucadan deməyə başladı:
 "Lakin Pezeşkian həmin şeirdən cəmi iki bəndi səsləndirməyə macal tapdı. Ardını söyləməyə imkan vermədilər. Çünki molla rejiminin məmurlarından biri səhnəyə qalxıb, kürsüyə yaxınlaşdı və Pezeşkiana nəsə dedi. Bu, çox böyük ehtimalla "Heydərbabaya salam"ın zalda yaratdığı canlanmadan narahat olan molla rejimi tərəfindən Pezeşkiana sərt xəbərdarlıq idi. Nəticə etibarilə, Pezeşkian şeiri yarıda qoymaq məcburiyyətində qaldı. Beləliklə, bir daha hər kəs gördü ki, İrandakı molla rejimi hətta Azərbaycan türkcəsində şeir səsləndirilməsinə belə dözmür. Əcaba, bu, nəyin qorxusudur? Panfarsçılıq niyə bu qədər amiranəlik əldə edib ki, hətta Prezidentə belə öz ana dilində şeir oxumağa imkan verilmir? Molla rejimi Güney azərbaycanlılara öz ana dillərində danışmağı daha nə qədər yasaqlayacaq? Bu sualları sözsüz ki, güneyli soydaşlarımız özləri cavablandırmalıdır. Molla rejiminin qeyri-farslara qarşı bu cür irqçi-faşist münasibəti uzun müddət davam edə bilməz".