Birlik və dövlət ağlına etibar etmək hər zamankından daha önəmlidir
“İndiki mərhələdə kimlərinsə Türkiyə və Azərbaycanı İranla qarşı-qarşıya gətirmə ssenarilərinə əsla keçid verilməyəcək”
Tehran nüvə sazişinin imzalanmasına razılaşmasa və nüvə silahı üzərində işi dayandırmasa, İran sentyabr ayına kimi yox olacaq. Bu barədə Britaniyanın “Deyli Ekspress” qəzeti ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı mənbələrə istinadən yazıb. Mənbə bildirib ki, İranın nüvə sazişinə razılaşması üçün ABŞ-nin Yaxın Şərqə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı qrupu yerləşdirdiyi müddət qədər “sayılı günləri” qalıb. Qeyd edək ki, ötən gün İranın hava məkanını bağladığı və ordunu tam döyüş hazırlığına gətirdiyi barədə məlumat yayılıb. Bildirilib ki, İran qüvvələri hadisələrin istənilən inkişafına hazırdır. Fransa XİN başçısı Jan Noel Barro deyib ki, İranın nüvə proqramını məhdudlaşdırmaq üçün yeni razılaşmanın əldə edilməsi şansları zəifdir. Onun sözlərinə görə, əgər bu razılaşma imzalanmasa, hərbi qarşıdurmadan qaçmaq çox çətin olacaq: “Bu müqavilənin (2015-ci ildə İranla bağlanan və ABŞ-nin çıxdığı nüvə sazişi – red.) vaxtının bitməsinə cəmi bir neçə ay qalıb. Yeni müqavilə uğursuz olarsa, hərbi müdaxilədən qaçmaq, demək olar ki, mümkün olmayacaq”. Barro əlavə edib ki, xarici vətəndaşların İslam Respublikasında saxlanılması ilə bağlı AB-nin İrana qarşı yeni sanksiyaları da yaxın həftələrdə təsdiqlənəcək.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, İran dövləti türklərə, elə öz keçmişinə, demoqrafiyasına qarşı nankorluq etsə də, tutuquşu kimi Zəngəzur məsələsində ermənipərəst mövqe tutmaqdan bezməsə də, altdan-altdan PKK-YPG terrorizmini Türkiyəyə qarşı dəstəkləsə də, hazırkı şəraitdə Amerika-İsrail cütlüyünün İrana hərbi müdaxiləsi soydaşlarımız və bütövlükdə region üçün arzuolunmaz nəticələr ortaya çıxara bilər:
"Bizim Azərbaycan-Türkiyə olaraq öz yol xəritəmiz, gündəmimiz, milli hədəflər istiqamətində metodologiyamız, güc və imkan balansımız, geosiyasi şəraitin uyğun incəliklə həyata keçirdiyimiz dövlət siyasətimiz var. Əlbəttə, tək millət, iki qardaş dövlətin strateji zəkası bütün oyunlar, təhlükələri, riskləri neytrallaşdıra biləcək səviyyədədir. İndiki mərhələdə kimlərinsə Türkiyə və Azərbaycanı İranla qarşı-qarşıya gətirmə ssenarilərinə əsla keçid verilməyəcək. Dünya və Yaxın Şərqdə vəziyyət kifayət qədər kritik ikən, Türkiyəmizin daxildəki siyasi fikir ayrılıqları, süni şəkildə yaradılan seçki gündəmini tezliklə bir kənara qoyacağına, dövlətin hədəflərinə köklənəcəyinə inanıram. Həssas və kritik bir dövrdür. Birlik və dövlət ağlına etibar etmək hər zamankından daha önəmlidir".