Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında regional yeni siyasi-təhlükəsizlik çağırışları fonunda baş verir
İran prezidentinin Azərbaycana hazırkı rəsmi səfəri praqmatik xarakter daşıyır və ikitərəfli münasibətlərdə hələ də mövcud olan problemli məsələlərin ən yüksək səviyyədə həlli yollarının axtarılmasına töhfə verir.
Bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq İqor Korotçenko Məsud Pezeşkianın Bakıya səfərini şərh edərkən deyib.
İqor Korotçenkonun fikrincə, Azərbaycan və İran üçün bu, qalan kəskin tərəfləri daha da hamarlamaq və daha böyük konstruktivliyə, qarşılıqlı faydaya doğru irəliləmək, ikitərəfli əməkdaşlığın səmərəli inkişafını təmin etmək üçün bir fürsətdir: “İran hakimiyyəti bir gün əvvəl də (Pezeşkianın səfərindən bir gün öncə - red.) 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən terrorçu ilə bağlı yekun qərarı hazırladığını açıqlamışdı. Təbii ki, bu məsələ Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edir”.
Korotçenko qeyd edib ki, Pezeşkian Tehran və Bakı arasında ikitərəfli münasibətlərə digər ölkələrin müdaxilə etməməsinin vacibliyini vurğulayıb:
“İran prezidentinin Bakıya səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin artması fonunda baş verir. Nə Bakı, nə də Tehran münasibətlərdə gərginliyin və həll olunmamış məsələlərin olmasını istəyir. Azərbaycan üçün isə Pezeşkianın səfəri hazırda regionda və dünyada formalaşmaqda olan koordinat sistemindəki mövqeyini gücləndirmək baxımından son dərəcə vacibdir. Regional və beynəlxalq mövqeləri getdikcə artan Azərbaycanın maraqlarını bir çox qüvvələr, bir çox dövlətlər nəzərə almalıdır.
Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə Sherg.az-a açıqlamasında deyib ki, İran Prezidenti M.Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında regional yeni siyasi-təhlükəsizlik çağırışları fonunda baş verir:

“İran daima Azərbaycanla siyasi müstəvidə böhrana aparacaq siyasət həyata keçirib. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından həlledicidir. Amma rəsmi Tehran Azərbaycanla bağlı öz siyasətində ciddi korrektələrə getməlidir. Azərbaycan İranla münasibətlərin normallaşmasında səmimi və maraqlıdır. Lakin İrandakı radikal-mühafizəkar qüvvələr daimi olaraq anti-Azərbaycan siyasəti yeridir. Bu səfəri hər nə qədər İran- Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı hesab etməsəm də, gərgin və böhranlı münasibətlərin arxada qalacağını güman edirəm. M.Pezeşkianın bu səfərdən sonra bir müddət münasibətlərin normal müstəvidə davam etməsi gözlənilir. Amma İranın mühafizəkar kəsiminin Azərbaycanla siyasətində müsbət istiqamətdə dəyişikliklər edəcəyi gözlənilmir. İki ölkə arasında münasibətlər M.Pezeşkianın prezidentliyi dönəmində böhranlı vəziyyətə gəlməsə də, heç vaxt hamar olmayacaq”.
Politoloqun sözlərinə görə, Pezeşkian Tehran-Bakı münasibətlərinə digər ölkələrin müdaxilə etməməsi ilə bağlı çağırışında İsrailə mesaj göndərib.
Qeyd edim ki, İsrail baş nazirinin Azərbaycana səfəri gözlənilir. Bu səfərdən sonra İranda radikallar Azərbaycana qarşı yenidən informasiya təxribatlarına başlayacaq.