Əfşar Sülrymani: Pezeşkian geri çəkilmək niyyətində də deyil

Bütün dünya ABŞ-İran anlaşmasının nə vaxt baş tutacağını gözlədiyi bir vaxtda, Londonda yerləşən “Iran International” kanalı yayımladığı xəbərlə diqqət mərkəzinə çevrilib. Kanalın yaydığı məlumata görə, İran prezidenti Məsud Pezeşkian ölkənin idarəetmə mexanizminin tamamilə SEPAH-ın əlinə keçdiyini bildirərək, Ali rəhbər Müctəba Xameneiyə istefa məktubu göndərib. Mənbə qeyd edib ki, məktubda olduqca sərt və tənqidi ifadələr yer alıb. Lakin rəsmi Tehran xəbərləri təkzib edib. İran Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini Mehdi Təbatəbai, Pezeşkianın istefası ilə bağlı yayılan xəbərlərin reallığı əks etdirmədiyini açıqlayıb. SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi isə bu iddiaları MOSSAD tərəfindən İrana qarşı yürüdülən psixoloji müharibə və dezinformasiya kampaniyası kimi xarakterizə edib.

Mövzu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, Pezeşkian istefa verməyib, geri çəkilmək niyyətində də deyil:

“O dəfələrlə vəzifəsini axıra qədər davam etdirəcəyini açıqlayıb. Bu yolda şəhid olmağa da hazırdır. Ümumiyyətlə “Iran International” kanalı yalan xəbərlər yaymağa öyrəşib. Onlar İran İslam Respublikasına düşmən kəsiliblər. Təsadüfü deyil ki, kanalın sahibi Səudiyyə Ərəbistanı vətəndaşıdır. Pezeşkian xarici ölkələrin oyunçusu və ya maşası deyil. O son dərəcə müstəqil düşüncəyə sahib liderdir. Pezeşkian dünya ölkələri ilə xüsusən də qonşu dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi üçün çalışır. lakin yürüdülən siyasət, irticaçı qüvvələrin maraqlarına zərbə vurduğuna görə, onları qorxuya salıb”. 

Sabiq səfirin sözlərinə görə, Məsud Pezeşkian siyasi arenaya girdiyi ilk gündən etibarən, müstəmləkəçi elementlər və nəzəriyyəçilər onu meydandan qovmaq hər cür təxribata əl atıblar:

“Xalqın Pezeşkiana olan sonsuz inamı və sarsılmaz rəğbəti, bədxahların bütün məkrli planlarını puça çıxarıb. Bu çirkin əməllərin arxasında isə fərqli maskalar geyinmiş daxili və xarici elementlər dayanır. Bir tərəfdə xalqı aldadan yalançı islahatçılar, digər tərəfdə tərəqqiyə mane olan reaksiyaçı avtoritaristlər və regional gərginlikdən bəhrələnən hərbi müharibə qızışdırıcıları... Milli iqtisadiyyatı sarsıtmaq məqsədilə neftdən daxil olan xarici valyuta resurslarını gizlədərək, bazarda süni qiymət artımı formalaşdıran və maliyyə rıçaqlarını bloklayan daxili qüvvələr də sistemli sabotaj hərəkatında yer alırlar. Təzyiqlər yalnız daxili cəbhə ilə məhdudlaşmır”. 

Ə.Süleymani qeyd edib ki, İrana qarşı qlobal və regional müstəvidə də mühasirə zənciri qurulub:

“İsrailin Baş naziri Benyamin Netanyahunun məkrli planları, habelə Tramp-Netanyahu ittifaqının yaratdığı regional təhlükə gərginliyi pik nöqtəyə çatdırıb. Pezeşkiana dəstək verən regional liderlərin sui-qəsdlə qətlə yetirilməsi, qarşı tərəfin nə qədər amansız və radikal üsullara əl atdığını sübut etdi. Daxili və xarici qüvvələr, İranı müharibəyə sürükləmək və dövləti daxildən çökdürmək üçün bütün imkanları səfərbər ediblər. Yaşanmış hər bir hadisə obyektiv şəkildə təhlil edilməli və düzgün qiymətləndirilməlidir. Ən əsası isə odur ki, cənab Pezeşkian ona qarşı yönələn qlobal və daxili təhdidləri aydın şəkildə görür. Onun tərəfdaşları da rəhbərin çətin şəraitdə mübarizə apardığını tam mənası ilə dərk edirlər”.