Deputat: Azərbaycanın enerji siyasəti dünyada unikal model kimi qəbul olunur

Ceyhun Məmmədov: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas

Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) keçirilib. “Bakı Enerji Həftəsi” bu gün təkcə regionun deyil, dünyanın enerji sənayesində ən nüfuzlu platformalarından biri kimi qəbul olunur. Hər il onlarla ölkədən hökumət nümayəndələrini, beynəlxalq enerji şirkətlərinin rəhbərlərini, investorları və ekspertləri bir araya gətirən tədbir qlobal enerji gündəliyinin formalaşmasına mühüm töhfə verir.

Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların təqdim olunduğu əsas beynəlxalq platformalardan biri olan Bakı Enerji Həftəsi illər ərzində etibarlı dialoq və əməkdaşlıq məkanına çevrilib. Tədbir çərçivəsində keçirilən görüşlər, müzakirələr və biznes forumları enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, yaşıl enerji keçidi və yeni texnologiyaların tətbiqi kimi aktual məsələlərin müzakirəsinə imkan yaradır.

Bakı Enerji Həftəsinin əhəmiyyəti yalnız iştirakçıların sayı və təmsilçilik səviyyəsi ilə ölçülmür. Burada qəbul edilən qərarlar, əldə olunan razılaşmalar və qurulan tərəfdaşlıqlar beynəlxalq enerji bazarına birbaşa təsir göstərən amillər sırasındadır. Bu baxımdan tədbir qlobal enerji sənayesinin aparıcı nümayəndələri üçün fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, enerji siyasətinin və beynəlxalq əməkdaşlıq modelinin geniş mənzərəsini təqdim edib. Dövlət başçısının çıxışında təkcə enerji sektoru ilə bağlı məsələlər deyil, həm də Azərbaycanın iqtisadi müstəqilliyi, geosiyasi rolu, regional əməkdaşlıq təşəbbüsləri və gələcək inkişaf prioritetləri əhatəli şəkildə öz əksini tapıb. Bu baxımdan çıxış enerji forumunda səsləndirilən adi bir nitqdən daha çox Azərbaycanın strateji inkişaf konsepsiyasının təqdimatı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi mənfəət əldə etmək məqsədi daşımır. Bu siyasət ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə, regional əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat və logistika imkanlarının artırılmasına, həmçinin qlobal enerji təhlükəsizliyinə töhfə verməyə xidmət edir. Azərbaycanın son otuz ildə keçdiyi yol sübut edir ki, milli maraqlara söykənən strateji baxış, beynəlxalq tərəfdaşlıq və resursların səmərəli idarə olunması istənilən ölkəni regional güc mərkəzinə çevirə bilər. Bakı Enerji Həftəsi isə bu uğurlu modelin dünyaya təqdim olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi öz əhəmiyyətini daha da artırır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında Azərbaycanın Qərbin enerji təhlükəsizliyində mühüm rol oynadığını, etibarlı tərəfdaş və strateji müttəfiq kimi qəbul edildiyini bildirib. Bakı Enerji Həftəsinin qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biri olduğunu vurğulayan deputat qeyd edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirdiyi siyasət unikal bir nümunə və modeldir:

“Azərbaycanın enerji strategiyası təkcə ölkənin iqtisadi inkişafına deyil, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində tutduğu mövqe və həyata keçirdiyi fəaliyyətlərin qlobal enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyəti var. Bu rol gündən-günə daha da möhkəmlənir və artır. Müxtəlif dövrlərdə neft və qaz layihələrindən əldə olunan gəlirlər Azərbaycanın inkişafına yönəldilib. Bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub, daha sonra isə Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirib”.

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə yaşıl enerjiyə üstünlük verildiyini xatırladan deputat bildirib ki, gələcək plan işğaldan azad edilmiş ərazilərdə istehsal olunan yaşıl enerjinin xaricə ixrac olunmasıdır:

“ Hətta enerjinin Türkiyə vasitəsilə Avropaya ixracı məsələsi də gündəmdədir. Bütün bunlar gələcəyə hesablanmış olduqca önəmli addımlardır. Cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın çox zəngin, böyük günəş enerjisi, külək enerjisi potensialı var. Artıq bildiyimiz kimi Qarabağda və digər ərazilərdə bu istiqamətdə çox ciddi layihələr həyata keçirilir. Bu həm də ekoloji baxımdan önəmlidir. Burada ən vacib məsələ isə getdikcə dünyamızda daha çox elektrik enerjisinə tələbat olacaq. Azərbaycan dəniz vasitəsilə bu enerjinin ixracını planlaşdırır. Bu həm ekoloji, həm xərclər, həm də ölkəmizə əlavə vəsaitlərin cəlbi baxımından olduqca önəmli bir məsələdir. Bu gün biz neft-qaz ixracından vəsait qazanırıq. Gələcəkdə yaşıl enerji əsasında Azərbaycanın istehsal etdiyi elektrik enerjisini də biz artıq xaricə ixrac edəcəyik”.