Rusiya Ermənistandan albalı, ərik və üzüm idxalına məhdudiyyətlər tətbiq edəcək

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyunun 2-dən etibarən Ermənistandan albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.

"2 iyun 2026-cı il tarixindən etibarən Ermənistan mənşəli və daşınan çəyirdəkli meyvələrin (AİB TN VED kodundan 0809: albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin) və təzə üzümün (AİB TN VED kodundan 0806) idxalına, eləcə də bu məhsulların AİB üzv dövlətlərinə tranzitinə, daşınan məhsulların təhlükəsizliyini təmin etmək üçün müvafiq alqoritm hazırlanana qədər müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq", - deyə məlumatda bildirilir.

Xidmət qeyd edib ki, Ermənistan meyvələrinin Rusiyaya tədarükündə artan pozuntu hallarını qeydə alır.

"Rosselxoznadzor dəfələrlə AİB üzv dövlətləri üçün karantin maddələrinin müəyyən edilməsi ilə bağlı karantin məhsullarının tədarükündə baş verən pozuntular barədə Ermənistan tərəfinə məlumat göndərib", - deyə onlar əlavə ediblər.

Xidmət vurğulayıb ki, aşkarlanma sayının artması Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin ləğvinin nəticələrini göstərir. Struktur islahatlardan sonra bu vəzifələr İqtisadiyyat Nazirliyinə verilib. Ermənistandan idxal edilən məhsulların son zamanlar Avrasiya İqtisadi Birliyinin və Rusiyanın fitosanitar tələblərinə cavab vermədiyini nəzərə alsaq, Ermənistan İqtisadiyyat Nazirliyinin struktur problemləri ilə üzləşdiyini və Kənd Təsərrüfatı Nazirliyinin ləğvindən sonra üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyini güman etmək olar.

“Rosselxoznadzor” həmçinin əlavə edib ki, mövcud vəziyyət Rusiyanın və AİB-nin fitosanitar rifahını, eləcə də sənaye bağçılığı, meyvəçilik və üzümçülüyə dövlət dəstəyi proqramlarının həyata keçirilməsini təhdid edir.