"Hətta Kremldən icazə almadan TRİPP layihəsi ilə bağlı heç bir iş görülmür. Vəziyyət belədir, biz reallığı görməliyik”
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərlə bağlı son açıqlamaları İrəvan-Moskva xəttində son illərdə müşahidə olunan gərginlik fonunda diqqət çəkir. Paşinyanın Vladimir Putinlə “dostluq münasibətləri”ndən danışması və Rusiyaya qarşı heç bir kəskin addım atılmayacağını vurğulaması, Ermənistanın xarici siyasətdə balans siyasətini davam etdirmək niyyətində olduğunu göstərir. Baş nazirin bu mesajları həm daxili auditoriyaya, həm də Qərb və Rusiya mərkəzlərinə ünvanlanmış siyasi siqnal kimi qiymətləndirilir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a bildirib ki, Ermənistanın özündə belə bir çox şərhçilər Paşinyanı Kremlin siyasi layihəsi kimi təqdim edirlər:
“Onlar açıq deyirlər ki, bu, dırnaq arası gərginlik iki tərəfdən yaradılan süni mənzərədir. Bizdən və bəzi Rusiyanın təsiri altında olan şərhçilərdən başqa heç kəs onların bir-birinə münasibətinin pis olmasına inanmır. Mən həmişə deyirdim ki, bu, süni yaradılan bir gərginlikdir və müxtəlif səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, Rusiya artıq Ermənistana qabaqlar olduğu kimi dəstək vermək imkanına malik deyil. Ona görə də Ermənistana imkan verir ki, Qərb mənbələrindən dəstək alsın.Yəni, Ermənistanın maliyyə baxımından digər mənbələrdən də dəstək alması üçün gərginlik görüntüsü yaradılır. Digər tərəfdən, Rusiyaya qarşı sanksiyaları Ermənistan vasitəsilə hansısa şəkildə neytrallaşdırmaq üçün bu görüntüdən istifadə olunur. Baş nazir də məcburdur və açıq deyir ki, bizim Putinlə yaxşı münasibətlərimiz var. Xatırlayırsınızsa, Paşinyan Vaşinqtondan gələn kimi Putinlə əlaqə saxlayaraq, ona məruzə etdi ki, ABŞ ilə danışıqlar nədən ibarətdir və s. Hətta Kremldən icazə almadan TRİPP layihəsi ilə bağlı heç bir iş görülmür. Vəziyyət belədir, biz reallığı görməliyik”.