Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar

Ermənistan hökuməti və iranlı podratçı şirkətlər ölkənin cənubundakı Sünik vilayəti ərazisində 7,2 kilometrlik tunelin tikintisinə start veriblər.

Sherg.az xəbər verir ki, tunel Aqarak-Qacaran yolu layihəsi çərçivəsində inşa olunur. Layihə Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilir.

Tikintinin başlanmasına həsr olunmuş mərasimdə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, eləcə də İranın "Tunel Sadd Ariana və Abad Rahan Pars International Group" şirkətlərinin nümayəndələri iştirak ediblər.

Məlumata görə, Aqarak-Qacaran avtomobil yolu iki hissədən ibarətdir. Birinci hissə İran sərhədində yerləşən Aqarakdan Qacarana qədər uzanan 32 kilometrlik magistraldır. Bu hissənin böyük qismi artıq tamamlanıb. Yol boyunca iki tunel və 15-dən çox körpü inşa edilir.

İkinci mərhələ isə 7,2 kilometrlik yeni tunelin tikintisini nəzərdə tutur. Tunel avtomobil yolunu birbaşa Qacaran şəhərinə çıxaracaq. Layihənin başa çatdırılma tarixi hələ açıqlanmayıb.

Tunel istifadəyə verildikdən sonra İran sərhədindən Qacarana qədər avtomobillə hərəkət müddətinin təxminən iki dəfə azalaraq 30 dəqiqəyə enəcəyi bildirilir.

Qeyd edək ki, Aqarak-Qacaran yolu Ermənistanın İran və Gürcüstan sərhədlərini birləşdirməyi hədəfləyən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin tərkib hissəsidir.

Xatırladaq ki, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu yolun birinci hissəsi üçün 2015-ci ildə 150 milyon dollar, ikinci hissəsi üçün isə 2024-cü ildə illik 4 faizlə, 20 il müddətinə və 5 illik güzəşt dövrü ilə 200 milyon dollar kredit ayırıb.