İstanbulda qadın müşayiəti olmadan kişilərin əksər çimərliklərə girişinə icazə verilmir. Oxşar vəziyyət gecə klublarında da müşahidə olunur.
Sherg.az xəbər verir ki, Mərmərə dənizi sahilində və Şahzadə adalarında yerləşən çimərliklərin əksəriyyəti ödənişlidir və “ailəvi” hesab olunur. Bu səbəbdən qadın müşayiəti olmayan kişilər həmin ərazilərə buraxılmır. Məsələn, Böyükadada yalnız bir çimərlik subay kişiləri qəbul edir və giriş haqqı 900 lirədir (təxminən 1 500 rubl).
Oxşar məhdudiyyətlər İstanbulun və Türkiyənin digər şəhərlərinin gecə klublarında da tətbiq olunur. Subay kişilər klublara buraxılmır və xarici vətəndaşlar da bu qaydadan istisna təşkil etmir. Hətta klubda keçirilən konsert üçün əvvəlcədən bilet alınması belə girişə zəmanət vermir. Bu halda pul geri qaytarılır və bilet rəsmiləşdirilərkən müvafiq xəbərdarlıq edilir.
Bununla belə, bu məhdudiyyətlərin hər hansı hüquqi əsası yoxdur. Müəssisələrin əməkdaşları şəxsi söhbətlərdə bildirirlər ki, belə qaydalar kişilər və qadınlar arasında “tarazlığın” qorunması, eləcə də münaqişə və təqiblərin qarşısının alınması məqsədilə tətbiq olunur.
Bu arada, Rusiyadan Türkiyənin Alanya şəhərinə səfər edən turistlər çimərliklərdə suyun çirklənməsindən şikayətlənirlər.