Köçəryan iki ay müddətinə həbs edilib

Ermənistanın ikinci prezidenti Robert Köçəryan iki ay müddətinə həbs edilib.

Sherg.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

Müvafiq qərarı Korrupsiyaya Qarşı Məhkəmənin hakimi Sarkis Dadoyan qəbul edib. Hazırda Köçəryan uzun sürən məhkəmə iclasından sonra aparıldığı xəstəxanadadır.

Keçmiş prezidentin həbs edilməsi ilə bağlı vəsatətə baxılması təxminən yeddi saat davam edib. Onun oğlu, deputat Levon Köçəryanın sözlərinə görə, Robert Köçəryan xəstəxanaya qaytarıldıqdan sonra məhkəmə iclası vəkillərin iştirakı ilə davam etdirilib.

Bundan əvvəl keçmiş prezident tibb müəssisəsindən birbaşa Korrupsiyaya Qarşı Məhkəməyə gətirilmişdi. O, saxlanıldıqdan sonra, yaxın zamanda keçirdiyi stentləmə prosedurunun fonunda səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Robert Köçəryana əmlakın qanunsuz əldə edilməsi ilə bağlı ittiham irəli sürülüb. İstintaqın versiyasına görə, prezidentliyi dövründə o, digər şəxslərlə əlbir olaraq xidməti mövqeyindən istifadə etməklə ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra obyektləri bazar dəyərindən aşağı qiymətə əldə edib.