Lavrov Əraqçi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

APA-nın Moskva bürosu Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Bildirilib ki, Rusiya tərəfi bir sıra ölkələrin Yaxın Şərqdəki vəziyyətin uzunmüddətli və davamlı normallaşdırılması naminə İran ətrafında gərginliyin azaldılması səylərinin uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. Bu səylərə ABŞ-ın ultimatum dilindən imtina etməsi və vəziyyəti danışıqlar yoluna qaytarması kömək edəcək.

Nazirlər, o cümlədən BMT Təhlükəsizlik Şurasında böhranın həlli, siyasi və diplomatik səylərin irəliləməsi üçün qalan şansları sarsıda biləcək hərəkətlərdən çəkinməyə çağırıblar.

Onlar AEBA-nın mühafizəsi altında olan Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla, mülki, sənaye və enerji infrastrukturuna qarşı ehtiyatsız və qanunsuz hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

Nazirlər AES-in əməkdaşlarının həyatı və sağlamlığına təhdid yaratmağın və bütün region üçün radioaktiv fəlakət riskinin qəbuledilməz olduğunu vurğulayıblar.

Lavrov AES-in əməkdaşlarından birinin vəfatı ilə əlaqədar başsağlığı verib.