Trampın İran düşkünlüyü quru əməliyyatların baş tutacağına inamı artırır
"ABŞ prezidenti Donald Trampın İranda "Delsi Rodriges" (ABŞ-ın Nikolas Maduro əməliyyatından sonra ABŞ-a tabe Delsi Rodrigesin hakimiyyətə gətirilməsi) planının realizəsi mümkün deyil. Baş tutacağı təqdirdə belə ABŞ üçün uğurlu nəticə verə bilməz".
Bu sözləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib.
İranın hərbi potensialına, böyük ərazisinə və siyasi-ideoloji quruluşuna görə Venesueladan kəskin fərqləndiyini xatırladan V. Dadaşov qeyd edib ki, Venesuela xalqı və ordusu ABŞ-la döyüşmək istəmirdi:
"Hər iki xalq ortaq xristian dəyərlərinə və Qərb mədəniyyətinə sahibdir. İran isə tamamilə fərqli sivilizasiya, siyasi-ideoloji, dini quruluş və islam mədəniyyətinə malikdir. ABŞ Venesuela ilə siyasi hakimiyyət qarşıdurması, İranla qarşıdurma isə daha çox ABŞ siyasi hakimiyyətinə qarşı İran xalqının müqavimətidir. Odur ki, İran-Venesuela analojiyası uyğunsuzdur. Qaldı ki, ABŞ-nin İranda indiki siyasi, ictimai vəziyyətdə parlament spikeri Qalibaf nümunəsində “Delsi Rodriges” axtarışı özünü doğrulda bilməz. İranda SEPAH siyasi və hərbi səhnədən getmədən, dini rejim ideologiyası mövcuddursa, elan olunmuş rejim və sistem dəyişiklikləri olmadan ABŞ-la sövdələşməyə gedən hər hansı fiqurun hakimiyyətə gətirilməsi və saxlanması mümkün deyil; belə şəraitdə İranın ABŞ və İsrailə dayanıqlı loyallığından söhbət gedə bilməz".
V. Dadaşov qeyd edib ki, İranın ali dini lideri Əli Xamenei öldürülməsindən bir neçə gün əvvəl çıxışında İran dövləti və şəxsi həyatının dinlə müqayisədə mənasız olduğu və ilk növbədə əhalinin dini qorumaq tövsiyəsi çox ciddi bir cəmiyyət müqavimətini özündə əks etdirir:
"Digər tərəfdən, Əli Xameneinin İsrail və ABŞ tərəfindən öldürülməsini etnik mənsubiyyətindən asılı olmayaraq İran əhalisi özünün şəxsi alçaldılması hesab edir. Fars Sasani imperiyası ərəb İslam xilafətinə məğlub olub dağıdılsa da, farslar İslamın ikitirəliyini siyasi-ideoloji müstəviyə gətirərək, nəticədə bir növ İslam üzərində də qələbə qazanıblar. Tramp İranda "Delsi Rodriges" planına nail olarsa belə, nəticə müvəqqəti xarakterli olacaq. Bu kontekstdə Əfqanıstan nümunəsi də göstərir ki, hakimiyyətə kimin gətirilməsindən asılı olmayaraq, ABŞ regionu tərk etdikdən sonra Taliban öz hakimiyyətini bərpa etdi. Hazırda da İran elə bir siyasi-ictimai vəziyyətdədir ki, rejim dəyişikliyi İranın öz ideoloji düşüncəsindən imtina etməsinə imkan vermir. Artıq bəllidir ki, ABŞ və İsrail təkcə hava zərbələri ilə İranda rejim dəyişikliyi və ərəb körfəz ölkələri kimi loyallıq əldə etməsi mümkün deyil. Digər tərəfdən, rejimin mövcudluğunda hər hansı bir fiqur İranın siyasi ideoloji xəttini dəyişə bilməz. Ancaq müharibədən çıxışa imkan yarada bilərdi".
Siyasi şərhçi bildirib ki, danışıqlar, şərtlər paketi, "Delsi Rodriges" variantı tərəflərin vaxt uduşuna hesablanıb:
"ABŞ və İsrailin İrana hücumu, İranın tutarlı müqaviməti, Hörmüz boğazındakı məhdudiyyətlər, Çin və Rusiyanın İrana dəstəyi nəticəsində yaranmış vəziyyət qlobal gərginlik, iqtisadi böhran ehtimalı ilə müharibəni indiki nəticələrlə dayandırmağa imkan vermir. İranın müqavimətini qırmaq quru əməliyyatlarını mütləq zərurətə çevirir. Ancaq quru əməliyyatlarının da nəticə verəcəyi şübhəlidir. “The Wall Street Journal”a görə, ABŞ Yaxın Şərqə 3000 elit hərbçi göndərməyə hazırlaşır. Həmçinin, mənbə məlumat verir ki, Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər. İsrail isə 400.000 ehtiyat əsgəri səfərbər edir. “AXIOS” xəbərinə görə, kürd dəstələri ABŞ MKİ və İsrail Mossadın dəstəyi ilə İran rejiminə qarşı hücuma hazırlaşır. Böyük Britaniya baş naziri Kir Starmer Hörmüz boğazını yenidən açmaq planı üzərində işlədiklərini bildirib. "Daily NK" isə, Şimali Koreyanın İrana dəstək üçün əsgər göndərməyə hazırlaşdığını yazır. Proksi qüvvələrlə yanaşı Hüsilərin də İrana hərbi dəstəyi mümkündür. Proseslər onu göstərir ki, İrana qarşı artıq koalisiya formasında müxtəlif istiqamətlərdən quru hərbi əməliyyatların ehtimalı güclənir. Əməliyyatlar ilk olaraq Xark və Hörmüz ətrafı əraziləri əhatə edə bilər. Trampın İran düşkünlüyü quru əməliyyatların baş tutacağına inamı artırır hansı ki, dünya üçün real təhlükə yaratmaq potensialına malikdir".