Paşinyana hücum cəhdində üç Ermənistan vətəndaşı ittiham olunur

Ermənistanın Baş naziri Nikol Paşinyana zərbə endirmək cəhdi ilə bağlı açılmış cinayət işi üzrə üç Ermənistan vətəndaşına qarşı ittiham irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.

"D. M.-yə qarşı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə müdaxilə) ilə ictimai cinayət təqibi başlanıb. M. M.-yə qarşı - 46-297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlığa kömək) və 46-452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə müdaxiləyə kömək), G. G.-yə qarşı isə - 46-297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlığın təşkili) və 46-452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə müdaxilənin təşkili) ilə cinayət işi açılıb", - deyə o qeyd edib.