Politoloq: Tehran və Moskva Ermənistanın xarici siyasət kursunu dəyişmək üçün hər an əlverişli fürsət gözləyir

Tehran da, Moskva da bölgəyə köhnə metodlarla təsir etməyə çalışsa da, artıq əvvəlki imkanlara malik deyil

İranın Qafandakı baş konsulu Murtaza Abedin Varamin Ermənistan mətbuatına müsahibəsində İran-Ermənistan münasibətlərindən danışıb.

 İranlı diplomat iki ölkə arasındakı əlaqələrin özünəməxsus olduğunu və minilliklər ərzində formalaşdığını bildirib.

Murtaza Abedin Varamin Ermənistan və İran arasında mövcud münasibətlərin digər ölkələr arasındakı əlaqələrdən fərqləndiyini qeyd edib. O, həmçinin erməni və fars dilləri arasındakı oxşarlıqlara diqqət çəkib:“Fars və erməni dillərində minlərlə ortaq söz var. Bu, bizim bir xalq olduğumuzu göstərir”. 

Baş konsul iki ölkə arasında münasibətlərə kənardan müdaxilə edilməsinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, həm Ermənistan, həm də İran xalqı münasibətlərinə kənar şəxslərin müdaxilə etməsinə imkan verməməlidir.

Diplomat bununla bağlı “şeytanlardan ehtiyatlı olmağın” və onların İran-Ermənistan münasibətlərinə mane olmasına imkan verməməyin vacibliyini vurğulayıb.

Politoloq Əlisahib Hüseynov Sherg.az-a bildirib ki, İranın Qafandakı baş konsulu Mürtəza Abedin Vəramin həm panfarsçılığını, həm də riyakar ermənipərəstliyini gizlədə bilməyən diplomatlardandır. Onun sözlərinə görə, İranlı konsulun iki ölkə arasındakı əlaqələrin özünəməxsus olduğunu və "minilliklər ərzində" formalaşdığını bildirməsi tarixə açıq-aşkar saxta pərdə çəkmək cəhdindən başqa bir şey deyil:

"Tarixən bu coğrafiyada nə "İran", nədəki "Ermənistan" adında ölkələr minilliklər ərzində mövcud olmayıb. İndiki Ermənistan sovet respublikası olaraq yalnız 1920-ci illərdə meydana çıxıb. Hazırda İranın daşıdığı adın isə heç 100 yaşı belə yoxdur. 1925-ci ildə Qacar türk dövlətini devirən, onun yerində Pəhləvi fars dövlətini quran Rza xan 1936-cı ildə bu qondarma qurumu "İran" adıyla elan edib, rəsmiləşdirdi. Murtaza Abedin Vəraminin müsahibəsində başqa bir məqam da xüsusilə diqqət çəkir. Belə ki, o, Ermənistan və İran arasında mövcud münasibətlərin digər ölkələr arasındakı əlaqələrdən fərqləndiyini qeyd edib və iki ölkə arasında münasibətlərə kənardan müdaxilə edilməsinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, həm Ermənistan, həm də İran xalqı münasibətlərinə kənar qüvvələrin müdaxilə etməsinə imkan verməməlidir. Bu isə diplomatik dilin arxasında gizlənən açıq siyasi mesajdır: bölgədə təsir dairəsini qorumaq".

Politoloq qeyd edib ki, baş konsul həmçinin daha da irəli gedərək erməni və fars dilləri arasındakı oxşarlıqlara diqqət çəkib və deyib ki, “fars və erməni dillərində minlərlə ortaq söz var. Bu, bizim bir xalq olduğumuzu göstərir”. Halbuki belə arqumentlər elmi deyil, ideoloji məqsədlərə xidmət edən ritorikadan başqa bir şey deyil.

Ə. Hüseynov hesab edir ki, İran diplomatının bu sözləri onun ermənilərdən çox erməniçilik etmək niyyətini açıb göstərir:

" Qafandakı baş konsulun Ermənistanla bağlı açıqlamaları səmimi diplomatik jest yox, İranın bölgədə təsirini qorumağa yönəlmiş siyasi ritorika kimi qiymətləndirilməlidir. Molla rejiminin təmsilçiləri bu cür şirnikləndirici ibarələrlə erməniləri öz təsir dairələrində saxlamağa çalışırlar. Əsl həqiqətdə isə, molla rejimi də Kreml kimi Paşinyan hakimiyyətinin hazırkı qərbyönümlü siyasətinə dərin nifrət bəsləyir. Tehran və Moskva Ermənistanın xarici siyasət kursunu dəyişmək üçün hər an əlverişli fürsət gözləyir. Xəlil Şirqulami və Murtaza Abedin Vərami kimi iranlı diplomatlar isə hələlik "ermənilərlə çoxəsrlik əlaqə", "Biz həmişə bir yerdə olmuşuq" kimi nağıllar üyütməklə məşğuldurlar. Çox təəssüf ki, nə Tehran, nədəki Moskva Cənubi Qafqazla bağlı ənənəvi məkrli siyasətlərini heç cürə dəyişmək istəmirlər. Ancaq onların bölgədəki yeni reallıqlara təsir etmək imkanları yoxdur. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda reallıq dəyişib. Tehran da, Moskva da bölgəyə köhnə metodlarla təsir etməyə çalışsa da, artıq əvvəlki imkanlara malik deyil. Yeni siyasi şərait onların ənənəvi məkrli planlarını əvvəlki kimi asan həyata keçirməyə imkan vermir".