Qalibaf ABŞ-ı gəmilərə Hörmüz boğazından keçməklə bağlı “yalan təminat” verməkdə ittiham edib

​ Hörmüz boğazına tam nəzarət İran ordusunun əlindədir.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf videomüraciətində deyib.

“Düşmənin ölkəmizə son zərbələri bizim boğazda güc tətbiq etməyimizlə bağlıdır və biz düşmənin bu zərbələrinə sarsıdıcı cavab verdik. Əgər boğazın nəzarəti amerikalıların əlindədirsə, o zaman niyə bunu hər gün təkrarlamalı və adalarımıza hücum etməlidirlər?”, - İran parlamentinin sədri deyib.

Qalibaf ABŞ-ı gəmilərə Hörmüz boğazından keçə biləcəkləri ilə bağlı "yalan təminatlar" verməkdə ittiham edib: “Amerikalılar gəmiləri boğazdan keçmək üçün aldadıcı şəkildə əmin edirlər, lakin həmin gəmilər zərbələrə məruz qalırlar”.

İran parlamentinin sədri ordunun hərbi imkanlarının sürətlə bərpa edilməsinə və mövcud potensialına da toxunub. O vurğulayıb ki, növbəti müharibə mərhələlərində İran həm keyfiyyət, həm də kəmiyyət baxımından daha üstün mövqedə olacaq: “Düşmən bilməlidir ki, müharibənin növbəti mərhələlərində həm keyfiyyət, həm də kəmiyyət baxımından daha hazırlıqlı və üstün olacağıq”.

Qalibaf əlavə edib ki, İran ordusunun həm hücum, həm də müdafiə imkanlarının bərpası və gücləndirilməsi prosesi ən yüksək səviyyədə davam edir.