Qəribabadi: Avropa hərbi gəmiləri Hörmüz boğazına yaxınlaşarsa, qanuni hədəf sayılacaq

İran Hörmüz boğazına yaxınlaşacaq istənilən Avropa hərbi gəmisini qanuni hədəf hesab edəcək.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran Hörmüz boğazının müharibədən əvvəlki statusuna qayıtmasını qəbul etmir və bunu İranın milli təhlükəsizliyi üçün strateji məsələ hesab edir.

Qəribabadi qeyd edib ki, İran boğaz üzərində suverenliyini möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır və zərurət yaranarsa, hərbi əməliyyatların yenidən başlamasını da istisna etmir.

Nazir müavini, həmçinin Omanla Hörmüz boğazında yeni keçid marşrutunun yaradılması ilə bağlı danışıqlar aparıldığını açıqlayıb. Onun sözlərinə görə, İran marşrutun tam şəkildə öz nəzarətində olmasını təklif edib.

Qəribabadi bildirib ki, Oman bu təklifi qəbul etməyəcəyi təqdirdə, Hörmüz boğazı bağlı qalacaq.