Sevimli qonaq: Zelenski Bakıda özünü çox sərbəst aparırdı - FOTOLAR

O, şəhərin gözəlliyinə heyranlığını Ukrayna xalqına canlı görüntülərlə də nümayiş etdirib 




Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya 16 və 17 dekabr tarixlərində Azərbaycana səfərdə olub. Zelenskinin səfəri Azərbaycan və Ukrayna ictimaiyyətləri tərəfindən çox maraqla qarşılanıb.  Sosial şəbəkələrdə də milyonlarla insan Zelenskinin Bakı səfərini, xüsusən paytaxtda sərgilədiyi səmimi davranışlarını yüksək qiymətləndiriblər. Ukrayna liderinin həm siyasi açıqlamaları, həm də azərbaycanlılarla bağlı müsbət fikirləri cəmiyyətə xoş təsir bağışlayıb.

“Dostluq münasibətləri ildən-ilə möhkəmlənən xalqlarımızı bu oxşar xüsusiyyət də birləşdirir. Məşhur Azərbaycan atalar sözündə deyildiyi kimi - “Xalqların dostluğu sülhün təməlidir” deyən Ukrayna prezidentinin Azərbaycana və azərbaycanlılara qarşı olan sevgisi də nəzərdən yayınmayıb. Baş nazir Əli Əsədovun və icra başçısı Eldar Əzizovun müşayiəti ilə Bakının görməli yerlərini gəzən Zelenski xeyli selfi çəkdirərək sosial şəbəkədə paylaşımlar edib. Şəhərin küçələrini mühafizəsiz gəzən Zelenski Bakının gözəlliyinə heyranlığını Ukrayna xalqına canlı görüntülərlə də nümayiş etdirib. Bakıdakı “Oyuncaq evi” mağazasına daxil olan prezident uşaqlarına hədiyyələr alıb və insanlarla söhbət edib. 



Şübhəsiz, Zelenski dövlət başçısı kimi Azərbaycan-Ukrayna əlaqələrindən, münaqişələrin həllindən və iqtisadi məsələlərdən də söz açıb. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Kiyevin hər zaman Bakının yanında olduğunu vurğulayıb. Azərbaycan-Ukrayna münasibətlərinin gələcəkdə də güclənərək yeni səviyyəyə çıxacağına əmin olduğunu dilə gətirən Zelenski dövlət başçısı İlham Əliyevi Ukraynaya dəvət edib. Bir sözlə, gənc prezident həm rəsmi səfəri, həm də qeyri-rəsmi gəzintiləri zamanı kifayət qədər səmimi olduğunu nümayiş etdirib. 



İlqar Vəlizadə: "Ukrayna rəhbəri istənilən halda Azərbaycan vətəndaşının gülər üzünü və mehribanlığını görüb"


Zelenskinin Azərbaycan səfərinin qeyri-rəsmi tərəflərini “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Ukrayna prezidenti Azərbaycana ilk rəsmi səfərini etsə də, qeyri-rəsmi olaraq dəfələrlə ölkəmizdə olub. Ekspertin sözlərinə görə, Zelenski prezident olmadığı dövrlərdə Azərbaycanın müxtəlif bölgələrini gəzib və insanlarımızın qonaqpərvərliyinin şahidi olub:

“İllər öncə Zelenski öz çəkiliş qrupu ilə Bakıda və Qəbələdə olub. Azərbaycanlılar ukraynalı jurnalisti çox gözəl qəbul ediblər, xalqımızın qonaqpərvərliyini ona göstəriblər. Zelenski Azərbaycanın iaşə obyektlərində olub və milli yeməklərimizdən çox məmnun qalıb. Xoş təəssüratlarını da dərhal sosial şəbəkə profilində paylaşıb. Yəni ukraynalıları da Azərbaycanla tanış edib. Əslində, rəsmi səfərin prezident Zelenskidə yaratdığı təəssürat jurnalist Zelenskinin təəssüratları ilə üst-üstə düşür. Yəni dəyişən heç nə yoxdur. Ukrayna rəhbəri istənilən halda Azərbaycan vətəndaşının gülər üzünü və mehribanlığını görüb. Ona görə də Zelenski Bakıda özünü çox rahat aparırdı. Rəsmi şəxs statusunda olsa belə Azərbaycanda tamamilə səmimi hərəkət edirdi”. 



Siyasi şərhçi vurğulayıb ki, Ukrayna prezidentinin münasibətləri ölkələrimiz arasında ikitərəfli əlaqələrə də müsbət təsir göstərir:

“Zelenski jurnalist olduğu dövrdə azərbaycanlıları özünə dost bilirdisə, prezident olaraq Azərbaycanı ən yaxın tərəfdaş kimi görür. Bu da çox vacib məqamdır. Çünki Zelenski Ukraynanın digər prezidentlərindən fərqli olaraq azərbaycanlıların istəklərini daha yaxşı bilir”.