Şöhrəti dünyaya yayılıb

Qadınlar bu adada qədimdən maska taxırlar

Kəşm adası Bəsrə körfəzi ilə Hürmüz boğazının kəsişdiyi nöqtədə yerləşir. İran İslam Respublikasının ərazisinə daxildir. Kəşm körfəzin ən böyük adasıdır. Bura Şimali Amerikadakı Böyük Kanyonu – Kolarado dərəsi ilə demək olar eyni relyefə malikdir.  Lakin Kəşm adası şöhrətini dərin dərəli relyefinə görə deyil, adadakı  maskalı qadınlara “borcludur”. Adada 110 mindən artıq insan yaşayır. Buranın qadınları isə gənc yaşlarından maska taxmağa başlayır. Bu, yerli ənənəyə bağlı adətdir. Kəşm qadınlarının maska taxması yerli əhali arasında əsrlərdir davam edən ənənənin bir parçası hesab edilir. Qadınların yaşı artdıqca maskalar da böyüyür və bütün üzü bağlayacaq şəkil alır. 

Kəşm adası İranın cənubunda yerləşir. Qarşısında isə Omman və Birləşmiş Ərəb Əmirliklərinin torpaqlarıdır.  Kosmosdan bu ada ox şəklində görünür. Strateji önəmi də böyükdür.

Adada farslar və ərəblərlə yanaşı portuqallara da rast gəlinir. Bu isə adanın bir vaxtlar Portuqaliya müstəmləkəsi olmasıyla izah edilir. Ada dəniz ticarəti yolları üzərində olduğundan fərqli mədəniyyətlərə ev sahibliyi edir. 

Ada nəhəng dərələri ilə məşhur olsa da, əsasən çöllük coğrafiyaya sahibdir.  Burada havanın temperaturu 50 dərəcə civarında olur. Bəlkə də qadınların maska taxmasının əsl səbəbi isti iqlim şəraitidir.

Məlumdur ki, isti hava üz dərisini yandırır. Həmçinin çölün sərt küləyi də dərini qarsır. Mümkündür ki, qadınlar gözəlliklərinə zərər dəyməsin deyə, maska taxmağı məişətin bir parçası halına gətirib. Bununla həm qovurucu günəşdən və yandırıcı küləkdən qorunmağı, həm də sirli görünməyi, cazibədar olmağı hədəfləyiblər.

Hər iki hal da alınıb, deyəsən. Kəşm adası 313 kilometr uzanan sahil zolağı, füsunkar “Şahkun”, “Ulduzlar”  vadiləri, dərin dərələri, sərt iqlimi ilə yanaşı, həm də maskalı qadınları ilə məşhurlaşıb. Ada xalqının gəliri əsasən balıqçılıqdandı. Bununla yanaşı son illərdə burada turizm də inkişaf edib. Və bu da yerli xalqın gəlir mənbəyinə çevrilib. Adayla eyni adı daşıyan Kəşm şəhərində aeoroport fəaliyyət göstərir.

Dünyanın müxtəlif ölkələrindən, həmçinin Tehran və Məşhəddən bura təyyarə reysləri təşkil olunur. Amma daha çox payız-qış aylarında. Məhz isti iqlimdən dolayı.