“Qurbağa uşaqlar” olayı...


Onların qatilləri hələ də tapılmayıb

Dünyada açılmamış cinayətlər  nə qədər desəniz var. Amma söhbət 5 azyaşlının ölümündən gedirsə, “niyə qatillər tapılmır” sualı bir qədər də ucadan səslənir. Onlar – 5 uşaq qurbağa tutmağa gediblər. Amma... Geri – evlərinə dönməyiblər. Cəsədləri tapılıb.  Onları qətlə yetirən kimlərdir? Və niyə? 
“Şərq” “Milliyyet.com”a istinadən bildirir ki, bu dəhşətli faciə Cənubi Koreyada baş verib. Cənubi Koreyanın Daegu şəhərində yaşayan 5 uşaq qurbağa tutmaq üçün evlərindən bir qədər uzaqdakı gölə gedib. Yaşları 9-13 arası. Uşaqlar məktəb tətilindəymiş. Əylənmək fikrinə düşüb və şəhərin qərb hissəsindəki War-yong dağına gediblər. Bir müddət keçsə də uşaqların evə dönmədiyini görən ailələri narahat olmağa başlayıb və polisə müraciət ediblər. Hökumətdə  yer alan nazirlərdən biri televiziyada çıxış edərək uşaqların axtartışına 300.000 polis və əsgəri qüvvə cəlb edildiyini söyləyib. War-yong dağı 500 dəfə axtarılıb, lakin uşaqlarla bağlı heç bir əlamət tapılmayıb. Faciəli hadisə 26 mart 1991-ci ildə baş vermişdi. Və üzərindən 11 il keçdikdən sonra dağa meşə armudu toplamağa gedən bir nəfər 5 cəsəd görür. Bunun 1991-ci ildə itkin düşmüş uşaqlara aid ehtimalı  ortaya qoyulur. Əvvəlcə polis uşaqların soyuqdan donaraq ölmələri versiyası üzərində dayanıb. Lakin valideynlər bu versiyanı qəbul etməyib. Və istintaq aparılmasını tələb ediblər. Uşaqların əynindəki paltarlar düyünlənmiş halda idi və valideynlər də bundan şübhələnirdilər.  Tibbi ekspertizanın rəyi belə idi ki, uşaqlardan 3-nün başına küt alətlə zərbə endirilib. Polis “uşaqları əsəbi halda olan birisi qətlə yetirmişdir” açıqlaması verdi. 2006-cı ilədək davam edən istintaq qatilin hələ də tapılmaması səbəbindən təxirə salındı. Lakin 2015-ci ildə səsvermə nəticəsində istintaqın yenidən bərpasına qərar verildi. İstintaq yenidən başlansa da, “Qurbağa uşaqlar” adını almış cinayət işi cinayətkar və ya cinayətkarların müəyyənləşməməsi səbəbindən yenə qapalı elan edildi. Suallar hələ qalır, ata-anaların göz yaşları da hələ axır. Bu faciəli hadisə 2011-ci ildə çəkilmiş “A-i deul” adlı filmin senarisini təşkil edir. Daegu şəhərində isə uşaqlarn xatirəsinə abidə ucaldılıb.