Dünyanın ən pis adamları burda yaşayırdı


Zəlzələ darmadağın etdi, indi ancaq turistlər  ziyarətə gəlirlər

Hazırda mövcud olmadığına baxmayaraq Port Royal dünyanın ən pis məkanı və ən pis adamlarının yaşadığı yer kimi yaddaşlarda qalmaqdadır.  Port “Royal” Yamaykanın paytaxtı Kinqstonun liman çevrəsi yaxınlığında bir qəsəbə olub. Adı “xas liman” anlamına gəlsə də, heç də adına uyğun həyata sahib olmayıb. Bura  1494-cü ildə ispanlar tərəfindən Karib dənizində kəşf edilib, qısa zamanda bölgənin ən önəmli dəniz ticarəti mərkəzinə çevrilən bir ada olub. Müxtəlif vaxtlarda gah ispanların, gah da ingilislərin hakimiyyəti altında olub. 

Strateji mövqeyinə görə, az sonra dəniz quldurlarının məskəninə çevrilib. Dünyanın ən məşhur dəniz qulduru Edvard Tiiç, ya da başqa bir adıyla – Quldur Bay Karasaqqal da Port Royalın ən böyük aşiqlərindən biriydi. Xüsusilə İspaniya və ispan gəmilərinə hücum etmək istəyən quldurlar Port Royaldan düşərgə olaraq istifadə edirdi. Bura böyük gəmilərin saxlanması üçün əla məkan idi. Dəniz quldurları burada fransız və ispan donanmalarını dəfələrlə məğlubiyyətə uğratmşdı.  

Port Royal dəniz quldurlarının toplanış mərkəzinə dönüşdü. Port Royal dəniz quldurlarının mərkəzinə çevrilmədən öncəsə varlı insanların əxlaqsız əyləncələrinin mərkəzi olub.  1692-ci ildə dənizdə əmələ gələn sunami qəsəbəni də, limanı da yerlə-yeksan etdi. Ada da, liman da bütün cazibəsini itirdi. Bölgə Yeni Dünyanın “Sodom”u kimi xatırlanmağa başlandı.

 “Sodom” İncildə adı keçən, Allah tərəfindən dağıdılaraq yox edilən bir şəhərdir.  Zamanla Port Royal dəniz ticarətinin mərkəzinə çevrilsə də, ən alçaq işlərin məkanı kimi də tanındı: kölə alış-verişi, edam məkanı... Həm də elə dəniz quldurlarının. 

Yamayka hökuməti bu edamları dəniz quldurlarına görk olsun deyə həyata keçirirdi. Nə az, nə çox -  44 quldurbaşı edam edilmişdi. Lakin nə qədər çalışsalar da Port Royalın mənfi imicini yaxşılaşdıra bilmədilər.

 Getdikcə Port Royalda yaşayanların sayının həddindən artıq çoxalması adanın çökməsinə səbəb oldu. Nəhəng zəlzələ qəsəbəni darmadağın etdi. 

Təbii fəlakət zamanı 3 min, sonrakı yoluxucu xəstəliklərdən isə 2 min insan tələf oldu. Qəsəbənin salamat qalmış bir qismi isə 1904-cü ildə növbəti zəlzələ zamanı tamam dağıldı. Tarixdə qalan batmış bir qəsəbə haqqında xatirə oldu. 

Qəribədir ki, bu pisliklər qəsəbəsi UNECKO tərəfindən qoruma altındadır və hər il minlərlə turist darmadağın halda olan qəsəbəni ziyarətə gəlir. Xüsusən dəniz turizmi və dalğıclar üçün cazibəli olan Port Royal yamayka iqtisadiyyatına bəlli bir gəlir də gətirir.