Kraliça onları görmək istədi

Şahzadə Harri və həyat yoldaşı Meqan Marka özəl dəvətə gəlib

Kral ailəsindən, kral sarayından səs-küylü ayrılmalarından uzun müddət sonra kraliça şahzadə nəvəsini nəhayət, yanına çağırıb. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl şahzadə Harri həyat yoldaşı Meqan Markla kraliçanı ziyarət etmişdi. Bu günlərdə isə kraliçadan şahzadə və həyat yoldaşına özəl dəvət gəlib. 

Kraliça onları taxta əyləşməsinin 70-ci ildönümü – Platin yubiley münasibətilə düzənlənəcək rəsmi tədbirdə iştirak etməyə dəvət edib. Bu cür tədbirlərdə adətən kral ailəsi birlikdə Bekinqem sarayının eyvanına çıxaraq xalqı salamlayır.  Lakin bu da bildirilir ki, şahzadə harri və Meqan Markl kral ailəsində bəlli titula malik deyillər. Bu səbəbdən də onlar tədbirdə önəmli yer tutmayacaq. Ötən günlərdə şahzadə və həyat yoldaşı müharibə qazilərindən ibarət Böyük Britaniya komandasının iştirak etdiyi idman yarışını birgə izləmişdi, daha sonra isə onların kraliça və şahzadə Çarlzla Vindsor qəsrində gizli söhbət etdiyi məlum olmuşdu.

 Görüşdən sonra açıqlama verən şahzadə Harri “əlahəzrət komandamız üçün gözəl mesajlar göndərdi, mən də onları komandaya çatdırdım. Onu görmək əla idi. Əminəm ki, gələ bilsəydi, o da burada olmaq istərdi”, söyləyib. 

Belə xəbər də var ki, şahzadə Harri qardaşı şahzadə Uilyamla münasibətlərinin düzəldilməsinə çalışır və vasitəçi axtarır.