“Kasıb dostum yoxdur”

Rişi Sunak 730 milyon sterlinq sərvətə sahibdir

Yeni baş nazir özü haqqında xəsislik etmədən danışan insandır

  İngiltərənin yeni Baş naziri, Hindistan əsilli Rişi Sunak 1980-ci ildə Böyük Britaniyada, Southamptonda anadan olub. Ailəsi 1960-cı illərdə Afrikadan B.Britaniyaya köç edib. Rişi İngiltərənin sayılıb-seçilən tədris ocaqlarında təhsil alıb. "Vinçester" kolleci, ardınca "Oxford" Universiteti, "Stanford" Universitetlərində fəlsəfə, iqtisadiyyat, hüquq təhsili alıb. Hindli milyonçu Narayana Murthunun qızı Akşata Murti ilə ailə qurub. 2015-ci ildə Mühafizəkarlar Partiyasından millət vəkili seçilib. B.Britaniya hökumətində bir neçə vəzifə daşıyıb. B.Britaniya hökumətinə bir hindlinin başçılıq etməsi təbii ki, dünyanın marağındadır və gözlər Rişi Sunakın üzərinə cəmlənib. Kimdir, hansı vərdişləri, hansı hobbiləri var… 

“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, yeni baş nazir özü haqqında xəsislik etmədən danışan insandır. Səmimidir, nəyi sevib, nəyi sevmədiyini də açıq söyləyir. “Prada” firmasının ayaqqabılarını geyinir və fərdi tikilmiş kostyumlara üstünlük verir. Rişi Sunak zahiri görünüşcə səliqəlidir və zəngin insan təsiri bağışlayır. Bunu özü də etiraf edir və deyir ki, kasıb dostları heç vaxt olmayıb. Yəni kasıblarla oturub-durmayıb; Xalq adamı deyil. R.Sunak kral III Çarlzın sərvətinin 2 qatına malikdir, bununla da ölkə tarixindəki hökmdarlar arasında ilk onluqdadır. Və R.Sunak bununla öyünür, zənginliyini gizlətmir. “Nyu Statesman” adlı siyasi dərgi tərəfindən yayımlanan videoda R.Sunak zəngin qəsəbələrə yardım etmək üçün yoxsul qəsəbələrə ayrılmış sosial yardımları ora yönləndirib. Və bunu “siyasəti dəyişdirirəm” şəklində izah edib. R.Sunak “Coca-Cola” aludəçisi olduğunu da etiraf edib. Məktəblilərə zərərli hesab edilən içki növünü təriflədiyi üçün ictimaiyyətdən təpki alıb. R.Sunakın bəzi saxtakar hərəkətlərə yol verdiyi də üzə çıxıb. Ötən ilin mayında İngiltərədə benzinin qiyməti yüksəldiyi zamanlarda maliyyə naziri olan R.Sunak yanacaqdoldurma məntəqəsində qırmızı “Kia” avtomobilinə benzin vurduraraq yola çıxıb. Sonrasa məlum olub ki, bu, maliyyə nazirinin şəxsi avtomobili deyil, yanacaqdoldurma məntəqəsində çalışan birinin avtomobilidir. Nə işdisə, həmin dönəmdə R.Sunak zəngin görünmək istəməyib və belə bir bicliyə əl atıb. Məsələ üzə çıxdıqda isə R.Sunak “bu, başıma gələn ən utancverici hadisəydi. Ömrümdə ilk dəfəydi ki, mənə aid olmayan maşına benzin vurdururdum və dahası, benzinin pulunu ödəməkdə çətinlik çəkirdim”, deyib. Bunun səbəbi isə R.Sunakın təmassız ödəniş edə bilməməsi olub. Anlaşılan, B.Britaniyanın yeni baş naziri post-terminal vasitəsilə ödəniş edə bilməyib. Təmassız ödənişi sonra öyrənib. 2001-ci ildə “BBC”nin “Orta siniflər: yüksəliş və yayılmalar” adlı filminə çəkilən R.Sunak kübar ailələrin övladlarıyla dostluq etdiyini və dostları arasında kasıbların olmadığını söyləmişdi. Hazırda R.Sunak və həyat yoldaşı Akşata Murti təqribən 730 milyon sterlinq sərvətə sahibdirlər. Kral III Çarlz və həyat yoldaşı Kamillanın isə cəmi 300 milyon sterlinq sərvəti var. Bu o deməkdir ki, baş nazir kraldan daha zəngindir.