Hitler üçün uşaq doğdu, körpəsini atıb getdi

 Faşistlərin əsas hədəflərindən biri “təmiz irq”ə sahib olmaqdı. Onların düşüncəsinə görə, ölkədə yalnız təmiz irqə mənsub olanlar yaşamalıydı. Faşistlər almanların uzaq keçmişdə Skandinaviyada yaşamış proto-ariyan irqindən törəmə olduğu fikrini irəli sürərək, skandinav-alman qarışığından əmələ gələnləri ən yüksək – ali irq hesab edirdi. Bu irq mənsublarının sayının çoxalması üçün Faşist Almaniyasında “Lebensborn” proqramı tərib edilib və icrasına başlanılıb. 

“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, proqramın icrasına 1930-cu ildə başlanılıb, nəticədə Almaniya və Norveçdə 20 min körpə dünyaya gəlib. Yüksək ali irqə mənsub olacaq körpələrin dünyaya gətirilməsi üçün cütlüklər də xüsusi olaraq seçilib. Ali irqə mənsub körpə dünyaya gətirmək üçün seçilən qadınlardan biri Hildegard Trutz olub. Bu qadının başlıca vəzifəsi Hitler üçün körpə dünyaya gətirmək olub. Qadın bu barədə illər sonra etiraflar edib. 

Onun danışdıqları inanılmaz və dəhşətlidir. Hildegard 1933-cü ildə Alman Qızlar Birliyinə üzv olub. Hər bazar günü birliyin toplantılarına qatılıb, uzun ayaqları, münasib bədəni, sarı saçları, mavi gözləriylə diqqəti cəlb edib. 

Hildegard özünün də ali irqə mənsub körpə dünyaya gətirmək istəyinin yüksək olduğunu, ideyalarını qəbul etdiyi faşizmə xidmət göstərmək istədiyini etiraf edib.  18 yaşlı Hildegard birlik rəhbərindən həyatını dəyişdirəcək təklif alıb: 

“Hansı işlə məşğul olacağınızı bilmirsinizsə, niyə Fürer (Adolf Hitler) üçün uşaq dünyaya gətirmirsiniz? Almaniyanın ali irq körpələrinə çox ehtiyacı var”. Hildegard məlum məsələylə bağlı dövlət proqramının olduğunu bilirdi və birlik rəhbərinin sözləri onu təsirləndirmişdi. Bununla da gənc qız proqrama qatılmaq qərarı verib. Bir sıra tibbi müayinələrdən keçirilib. Onu Bayerndəki düşərgəyə göndəriblər. Burada lyüks şəraitdə saxlanılan başqa qızlar da olub. O da başqa qızlar kimi ali irqli körpə dünyaya gəlsin deyə, Almaniya ordusunun xüsusi xidmət əsgərləri, SS-çilərlərdən biri ilə evlənməliydi. 

“O günlər həyatımın ən gözəl günləri idi. Ən yaxşı yeməklər yeyirdik, işə cəlb olunmurduq, ətrafımızda xeyli xidmətçi vardı”, - deyən Hildegard məsələnin başqa yönünü də anladıb. Körpə dünyaya gətirməyə razılaşan qızlar əvvəlcə sənəd imzalayıb. Bu sənədi imzalamaqla onlar doğulacaq körpə üzərində bütün hüquqlarından bəri başdan imtina edirdilər. 

Bu sənədi imzaladıqdan sonra qızlar gənc SS əsgərləriylə tanış olur, onlarla görüşür, söhbət edir, birlikdə gəzib-dolaşır, film seyr edirdilər. Qızlara “ər seçmək” üçün 1 həftə vaxt verilib. 

Qızlar tanış olduqları əsgərlərin həqiqi adını bilməyib, onlar başqa adlar altında təqdim olunub. Bu da proqramın tələblərindən biri olub. 

Əsgərlərlə münasibətdə olduqdan sonra hamilə qalan gənc qadınlar ayrıca bir evə yerləşdirilib, nəzarət altında saxlanılıb, körpə dünyaya gəldikdə 2 həftə onu əmizdirdikdən sonra ondan ayrılıb. Və başqa bir yerə köçürülüb. Daha sonra başqa bir almanla evlənib. 

Evləndiyi şəxsə proqrama qatılması haqqında danışıb, lakin ondan heç bir etiraz, təpki almayıb. Hildegard bunu “biz bunu nə məqsədlə etdiyimizi bilirdik, ona görə də bundan utanmırdım, çəkinmirdim”.  Körpələrin həyatı da müəmmalı olub. Onlardan bəziləri düşərgələrə, bəziləri xüsusi uşaq sığınacaqlarına təhvil verilib, xüsusi təlimə cəlb edilib. Onlardan yüksək vəzifəli almanlara övladlığa verilənlər də olub. Lakin bu uşaqlar bioloji valideynlərinin əslində kim olduğunu heç vaxt bilməyiblər. 

“Libensborn” qadınları isə müharibədən sonra cəmiyyət tərəfindən qəbul edilməyib, qınanıblar. Onların çoxu körpənin atasının müharibədə öldüyü yalanını söyləmək məcburiyyətində qalıb. Bəziləri aşkar şəkildə təqib edilib, küçədə döyülərək təhqirlərə məruz qalıb, hətta kölə kimi çalışdırlıb.