“Zəlzələ quşları”na maraq artdı

İnsanlar “quşlar zəlzələ olacağını əvvəlcədən bilir, hiss edir”, deyə zoo-mağazalara axın edib

  Türkiyədəki dəhşətli zəlzələdən sonra oxuyan quşlara maraq və tələbat artıb. Buna səbəbsə Van zəlzələsindən 5 dəqiqə öncə quşların təlaşlanaraq qanad çalmaları və səs çıxarmalarına dair xəbərlərin yayılmasıdır. Bunu eşidənlər “quşlar zəlzələ olacağını əvvəlcədən bilir, hiss edir”, deyə zoo-mağazalara axın edib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, hazırda ölkədə “məhəbbət quşları”, kanarya alanların sayı artıb. Heyvanlar, o cümlədən quşlar zəlzələ dalğaları başlamadan öncəki titrəyişləri hiss edə bilir. Kahramanmaraşda da insanlar zoo-mağazalara axın edib, oxuyan quşları əldə etməyə çalışır. Mağaza satıcısı Fatih Özdəmir heyvanlardan bir çoxunun, o cümlədən də quşların zəlzələni hiss etdiyini və çırpınaraq bunu insanlara xəbər vermək istədiklərinin müşahidə edildiyini deyib: “Quşlar zəlzələ öncəsi çırpınır, qanad çalır, təlaş içində olurlar. Sahibi quşun narahatlığını hiss etməlidir. Əgər quş bizə göründüyü kimi “səbəbsiz yerə” çırpınırsa, deməli, yaxınlaşan bir təhlükəni hiss edir. Bizim səbəbsiz kimi baxdığımız vəziyyət, əslində böyük br təhlükənin xəbərçisi ola bilər. O anda zəlzələ kimin ağlına gələr? Mən bunu bir neçə dəfə müşahidə etmişəm. Quşlarım çırpınır, təlaşla qanad çalırsa, sonra nəsə xoşagəlməz bir hadisə baş verir”. “Zəlzələ quşları”na tələbat artdığından qiymətləri də yüksəlib. Buna baxmayaraq bir çoxları quş almağa can atır. Satıcı hətta tələbatı yerinə yetirə bilmədiklərini də deyib.