Everestə təkbaşına dırmanmaq olmaz 


Artıq qadağa bütün hündür zirvələrə şamil edilib 

  Everest (Comolungma) zirvəsinə təkbaşına dırmanmağa 5 il əvvəl tətbiq olunan qadağa Nepalın bütün hündür zirvələrinə şamil edilib artıq. “Şərq” “Habertrük”ə istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb. Məlumatda qeyd edilir ki, Nepal hökuməti Everest də daxil, ölkə ərazisindəki bütün digər dağ zirvələrinə təkbaşına dırmanmağı yasaqlayır. Hökumət bundan sonra dağ zirvələrinə dırmanmağa, ya da turlar təşkil edilməsinə yalnız xüsusi təhsil almış və təlim keçmiş şəxslərin rəhbərliyi ilə, ya da alpinistin müşayiəti ilə qrup halında izin verəcək. Nepal Turizm Qurumunun direktoru Mani R.Lamican bildirib ki, fərdi qaydada səyahət edən insanlara fövqəladə vəziyyətlərdə yardım edəcək kimsə olmur. Şəhərlərdə bununla bağlı  sıxıntı yoxdur, təcili kömək göstərilə bilir, lakin dağlarda bu, mümkün olmur, çünki uyğun infrastruktur hələ tam formalaşmayıb. Turistlər itkin düşdükdə və ya həlak olduqda hökumətin onları təqib etməsi, itkinlərin tapılması, ailələrinə çatdırılması çox çətinləşir. Turistlər, səyahətsevətlər ən çətin, uzaq yollardan istifadə edir. Bu da onların axtarışını çətinləşdirir. Direktor deyib ki, turizm şirkətləri də izinsiz səyahətlərin dayandırılmasını tələb edir. Qeyd edilir ki, qəzaların sayını azaltmaq məqsədilə Nepal hökuməti 2018-ci ildən Everestə təkbaşına dırmanmağı qadağan edib. 2023-cü il 1 aprel tarixindənsə bu qadağa ölkə ərazisindəki bütün dağ zirvələrini əhatə edəcək. 8 min 848 metr yüksəkliyə malik Everestdə 1920-ci ildən bugünədək 200-dən artıq insan həyatını itirib.