Mobil telefonun “atası” danışdı

“Bunlar dəlidi, nədi?!”

“Küçədə getdiyi halda gözünü telefondan ayırmayanlar ağıllarını itiriblər”


  50 il əvvəl – 1973-cü ildə ilk mobil telefon – cib telefonu icad etmiş amerikalı mühəndis Martin Cooper “ekranomaniya” – gözlərini telefon spensorundan ayırmayanları “dəli” hesab etdiyini deyib: “Küçədə getdiyi halda gözünü telefondan ayırmayanlar ağıllarını itiriblər. Gözlərini telefondan ayırıb gerçək dünyada yaşasınlar”. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, 50 il öncə ilk cib telefonunu yaradan M.Cooper insanların smartfon aludəliyindən sarsıldığını söyləyib. 

Alim xüsusilə gəncləri telefon ekranına aludəçilikdən uzaqlaşmağı məsləhət görüb. “Görürəm ki, gənclər mobil telefonlara çox bağlanıb. Telefona aludə vəziyyətdə baş alıb gedirlər. Bir az gözlərini telefon ekranından ayırsınlar, ətrafa nəzər salsınlar, real həyata baxsınlar”, söyləyən alim telefonu icad etməsindən də danışıb: “Nyu-Yorkun 6-cı prospektində addımlayırdım. Cib telefonu ilə rəqibim Coul Enkeli aradım. Ona “sənə ilk mobil telefonla zəng edirəm”, dedim. Səsi çıxmadı, yəqin ki, dodaqlarını gəmirirdi. İlk mobil telefon 1 kiloqramdan bir qədər ağır çəkidə idi. Batareyası isə cəmi 35 dəqiqə enerji saxlayırdı. Amma problem yoxdu. Kimsə 1 kiloqramdan artıq telefonu yarım saatdan artıq əlində daşımayacaqdı”. 

M.Cooper bu ilk mobil telefonunun sonrakı nəsil telefonlar, smartfonlar, “ağıllı telefonlar” üçün nümunə olduğunu, sonrakıların onun üzərində inkişaf etdirilərək təkmilləşdiyini deyib. 

Alim sadəcə, hazırda az qala hər kəsin smartfon aludəçiliyindən narahat olduğunu dilə gətirib: “Bir gün hər kəsin cib telefonu olacağını bilirdim. Amma insanların “ağıllı telefon” aludəçiliyinə üzülürəm. Telefonlar ağıllıdır, onları təkmilləşdirənlər də. 

İnsanlarsa ağıllı görünmür. Smartfonlara bu qədər aludə olmaq dəlilikdir”. Alim deyib ki, özü də “ağıllı telefon”dan istifadə edir, lakin ağlını qaçıracaq dərəcədə deyil. M.Cooper gələcəkdə mobil telefonların hətta xəstəliklərin qarşısını alacağını da bildirib.