Düz divara dırmandı

Jared Leto bu dəfə heyranlarının nəfəsini kəsən hərəkətə imza atıb

  “Oskar” mükafatçısı, “İsgəndər” filmindəki Hefestion rolu ilə də məşhurlaşmış Jared Leto bu dəfə heyranlarının nəfəsini kəsən hərəkətə imza atıb. Berlinə səfər edən məşhur aktyor qaldığı “Hotel De Rome”nin divarına dırmanıb. Həm də hər hansı təhlükəsizlik tədbiri görülmədən, təhlükəsizlik kəməri, jiet geyinmədən. Dırmanış sırasında aktyoru xilasedici heyət də müşayiət etməyib. Aktyor bütün təhlükələri gözə alaraq divara dırmanmağa başlayıb. Jared Letonun düz divara dırmanmasının görüntüləndiyi video sosial şəbəkələrdə gündəm olub. Video paylaşıldıqdan sonra milyonlarla baxış qazanıb və bəyənilib. Aktyorun nədən bu hərəkəti etdiyi haqda isə deyilir ki, o, bunu illüziya videolarıyla tanınan tiktok istifadəçisi Younes Zarou üçün edib. Leto tərəfdənsə bu məlumat təsdiqlənməyib. Sosial mediada Jared Leto haqqında “deyəsən, özünü “Hörümçək adam” sanır. Bunu etmək üçün nə yeyib, nə içdisə, mən də ondan istəyirəm”, yorumu da gəlib. Qeyd edilir ki, Jared Leto zaman-zaman heyranlarını təəccübləndirməyi sevir. “Met Gala” gecəsində aktyorun pişik kosrtyumu ilə “qırmızı xalı”ya çıxması da bu qəbildən idi.