Yenə səhnədə olacaq
Unudulmaz Barış Manço Türk dünyasına, Vətəninə sevgisini illər öncə Cümhuriyyətin 100-cü ildönümünə bəstələdiyi marşla bir daha sübut etmişdi. Sanki Cümhuriyyətin 100-cü ildönümünü qeyd etməyin ona nəsib olmayacağını bilirdi. Və 50 il öncədən bu əziz bayrama hazırlıq görüb. Müğənni, eyni zamanda gözəl mahnılar müəllifi olan Barış Manço “o möhtəşəm gündə mən də səhnədə olmalıyam. Nəyin bahasına olursa-olsun”, deyərək Cümhuriyyətin 100-cü ildönümünə marş bəstələyib. Əsər “2023” adlanır. “Sherg.az" “NTV,com.tr”yə istinadən bildirir ki, Barış Mançonun vəsiyyətinə uyğun olaraq əsər böyük səhnədə səsləndirlib. Marş simfonik orkestrin müşayiətində ifa edilib. Bunu 50 il öncə ifaçı və bəstəkarın özü vəsiyyət edib. “Marş simfonik orkestrin ifasında olacaq”, deyib. Həyat yoldaşı Lalə Manço Ahıskalı mediaya verdiyi müsahibəsində Barış Mançonun sağlığında gerçəkləşməyən arzusunu vəsiyyət olaraq qəbul etdiklərini və onun həyata keçməsinə çalışacaqlarını söyləyib. Marş İstanbulda, Avcılar Hovuz Meydanında maestro Musa Göçmenin rəhbərliyi ilə səhnəyə çıxan simfonik orkestr tərəfindən ifa edilib. Musa Göçmen sosial mediada konsert barədə məlumat verərək “bu gün böyük sənətkarın vəsiyyətini – arzusunu gerçəkləşdirmək üçün İstanbuldayıq. Çox həyəcanlıyıq”, paylaşımı edib. Əsər Barış Mançonun “Qayaların oğlu” ifadəsinin yer aldığı şeir parçasıyla başlayır. Bu əsər Barış Mançonun Türkiyə Cümhuriyyətinin gücünə, qüdrətinə, 50 il sonra da dim-dik – qədim çinar ağacları kimi ayaqda duracağına, qol-budaq atıb böyüyəcəyinə əminliyindən doğub. Barış Manço “2023-cü ildə 80 yaşım olacaq. Bəlkə o zaman oğlumun çiyninə söykənərək, onun köməyi ilə səhnəyə çıxıb bu əsəri özüm səsləndirəcəyəm”, deyib. Lalə Manço da “biz ailəmizin başçısının bu sözlərini vəsiyyət kimi qəbul etdik. Və onun həyata keçməsinə çalışdıq”, söyləyib. 1995-ci ildə Yaponiyaya səfəri zamanı Barış Manço 2023-cü illə bağlı qəlbindəki arzuları səsləndirib. 4 il sonra isə həyatla vidalaşıb. Bu gün Cümhuriyyətin 100-cü ildönümü ərəfəsində onun marşının səhnədə səslənməsi, həm də bu dahi insan və sənətkarın ruhuna ithafdır.