Ekspert narazıdır, qaydalara əməl edənlərin sayı çox azdır
“Koronavirusun genişlənməsinə qarşı Azərbaycan dövləti vaxtında tədbirlər görməsəydi, digər ölkələr kimi bizdə də pandemiya baş alıb gedərdi. Vəziyyət çox pis olardı”.
Bu sözləri “Şərq”ə “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov deyib.
QHT rəhbəri bildirib ki, dövlətin xəstəliyə nə qədər ciddi yanaşdığı ölkəmizdə indiyədək xəstəyliyə yoluxanların və həyatını itirənlərin sayından aydın görünür: “Ümumi nəticə qənaətbəxşdir, amma xəstəlik davam etdiyi üçün məsuliyyəti əldən verməməliyik. Bizə edilən müraciətlərin ən çoxu insanların Operativ Qərargahın qaydalarına əməl etməməsi ilə bağlıdır.
Deyirlər ki, xeyli adam maska taxmır, sosial məsafə saxlamır, gigiyenik vasitələrdən istifadə etmir. 62 yaşındayam və kifayət qədər təcrübəm var. İnsanların öz vərdişlərini tərgitməsi çox çətindir.
Öz həyatımızda da bunun şahidi olmuşuq, tərgidə bilmədiyimiz pis vərdişlərimiz olub. Reallıq odur ki, artıq yoluxucu xəstəliklər, pandemiyalar erası başlayır.
Bütün dünya koronavirusla mübarizə aparır və sabah başqa viruslar da yayıla bilər. Ona görə də bütün şəxslərə uşaq yaşlarından, birinci sinifdən şəxsi gigiyena qaydalarını öyrətmək lazımdır. Bunu vərdiş formasında uşaqlarımıza aşılamalıyıq, təbliğ etməliyik. Qəbul edək ki, müəyyən yaş dövrünü keçəndən sonra bu cür təbliğatlar müsbət nəticə vermir”.
F.Xəlilov qeyd edib ki, aylardır cəmiyyət maarifləndirilir, tibbi-gigiyenik vasitələrin önəmindən bəhs edilir:
“Amma şəhərə çıxanda görürsən ki, bir-iki adamda maska varsa, üç-dörd nəfərdə yoxdur.
İnsanlar maskanın əhəmiyyətini başa düşmür. Çox adam tanıyıram ki, gün boyu əlini yumur. İnsan əllərini yumamış necə yemək masasına əyləşə bilir? Əgər zərurət varsa, məsafə saxlamalıyıq, görüşəndə əl tutub, öpüşməməliyik.
Pandemiyanın nə zaman bitəcəyini Allahdan başqa heç kim bilmir. Əfsuslar ki, qaydalara əməl edənlərin sayı çox azdır. Halbuki, bundan qat-qat güclü xəstəliklər yayılıb.
Tarix boyu taun, vəba, qara yara, təbii çiçək kimi yoluxucu xəstəliklər olub. Hətta yarım milyon əhalisi olan bir şəhərin camaatının 90 faizi qısa zamanda qırılıb. Yəni atom bombası kimi xəstəliklər çıxıb.
Koronavirusa onların yanında qorxulu xəstəlik demək olmaz. Ancaq indi dünya xalqları daha çox əziyyət çəkir. Görünür, bu da insanları silkələmək üçün Allahın bir bəlasıdır”.