Dikdaban ayaqqabı geyməyin ! “Bədənin balansını pozur” – Qamət əyilir ! 

Qadınlarda özünəinam hissini artıran dikdaban ayaqqabılar hər nə qədər gözəl və cəlbedici görünsə də, ciddi sağlamlıq problemlərinə yol açırlar. 
ABŞ mütəxəsisslərin araşdırmasına görə, bu ayaqqabılardan müntəzəm istifadə zamanı  bədənimizin bütün ağırlığını daşıyan ayaqlarımızda qan dövranı pozulur və bu da sonradan bir çox xəstəliklər meydana çıxarır. Dizlərdə sürüşmələr baş verir və bunun nəticəsində ayaqlarda təzyiq yaranır.



Sözügedən nəticələri təsdiqləyən  reabilitoloq-fizioterapevt  Pərvin Əkbərovun "Sherg.az"a açıqlamasına görə, dikdaban ayaqqabılar bədənin ağırlıq mərkəzini qabağa çəkir.  Bu zaman onurğa və oynaqlar bunu kompensasiya etmək məcburiyyətində qalır: 

"Onurğa və baş orta oxundan əyilir, çanaq və onurğanın döş hissəsi arxaya gedir, nəticədə bel, kürək və digər nahiyələrin əzələləri yüklənir və gərginləşir. Yeriş zamanı normal addımların uzunluğu ve tezliyi dəyişir – bu, normal bədən balansının pozulmasından xəbər edir.

Balansın pozulması həm travmatik yıxılma riski yaradır,  həm də qamət dəyişikliklərinə yol açır. Ayaq biləyin hərəkəti dik dabanlı ayaqqabıda məhdudlaşır, eyni zamanda yeriş üçün bu oynağın hərəkəti çox vacibdir.

Ayağın  axill vətəri və baldır əzələlər qısalır ve bərkiyir. Pəncənin barmaq hissəsinə əlavə yük düşür və bu bir çox problemlərin yaranmasına, ya da kəskinləşməsinə yol açır.

Bunların arasında böyük barmağın “hallux valgus” deformasiyası (el arasında «podaqra» deyilən, amma bu metabolik xəstəliklə əlaqəsi olmayan bir vəziyyətdir), nevroma və s. kimi xəstəlikləri qeyd etmək olar. Dizlər də əlavə gərginliyə düşür, oynağın iç strukturları daha tez zədələnməyə meyilli olur".

Həkimin sözlərinə görə, bütün bunlara rəğmən  dikdabandan imtina etmək istəməyən xanımlar  ayaqlarına uyğun ayaqqabı alsınlar:

 "Önə doğru azacıq əyilmiş, barmaqları  sıxmayan modellərə üstünlük verilməsi daha məqsədəuyğundur. 
Yaxşı olar ki qalın dabanlı ayaqqabılara üstünlük versinlər".