Uşaqlarda nitq ləngiməsinin səbəbləri... - SADALANDI 

Uşaq doğulan gündən onun nə zaman dil açıb danışacağını səbirsizliklə gözləyirlər, amma bəzən valideynlərin gözləntiləri boşa çıxır. Nitqin inkişafı ləngiyir və valideynlər narahat olmağa başlayırlar. Xüsusən də ailədə, nəsildə gec danışan olmayıbsa, anaların narahatlığı daha da artır. Həkimlər isə hesab edir ki, uşaqları bir-biri ilə müqayisə etmək düzgün deyil. Hər uşaq individiual xarakterə malik olduğundan  vaxtı gələndə, daha doğrusu özünü hazır hiss edəndə dil açmağa başlayır...



Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən nevroloq Təranə Quliyeva uşaqlarda nitq ləngiməsinin  bir çox səbəblərdən yarandığını deyib. Onun sözlərinə görə, əgər uşağın eşitməsində problem varsa,  bu zaman uşaq sözləri, səsləri anlaya bilmir və fikrini ifadə etməkdə çətinlik çəkir:

"Uşaqların insanlarla ünsiyyətdə olmaması da nitq ləngiməsinin əsas səbəblərindən biridir, çünki uşaq ətrafı təqlid edərək öyrənir, yəni, ata, ana və ətrafdakı hər kəs uşaqların səsləri, hecaları və sözləri demələrində bir nümunədir. Ananın uşaqla yetəri qədər vaxt keçirməməsi, ailədə ikidilliliyin olması, bəzi hallarda isə uşağın erkən doğulması və fiziki cəhətdən zəif olması da nitqin gecikməsinə səbəb ola bilər".