”Belə olan halda karantin davranışlarına əməl etməliyik”
“Sosial məsafəni qorumaq, dezinfeksiya edici maddələrdən, tibbi maskadan yararlanmaq bizi qoruyur”
2020-ci il Azərbaycan üçün mübarizələrlə yadda qalmaqdadır. Belə ki, digər bütün dünya ölkələri kimi, biz də keçən ilin sonundan başlanan və aylardır davam edən yeni növ koronavirus olan COVİD-19-a məğlub olmamağa çalışırıq. Digər bir tərəfdən isə Qərb qonşularımız olan ermənilərə qarşı uğurlu əks-hücum əməliyyatlarını davam etdiririk. Biz gözəgörünən düşmənə birdəfəlik qalib gəlmək üzrəyik. Bəs dünya COVİD-19-a qalib gələ biləcəkmi? Görünür, o da ən az ermənilər qədər üzsüz, həyasızdır. Aylardır canımızdan əl çəkmir.
Dünyada COVID-19 infeksiyasına yoluxmaların sayı artmaqdadır. Bu, diaqnostik imkanların genişlənməsi və effektivliyinin daha yüksək səviyyədə olması ilə əlaqədardır. “Rosbalt”ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı rəhbərinin köməkçisi Ranyeri Querra deyib. Onun sözlərinə görə, “Koronavirusun ağır formaları olan xəstələrdə xəstəliklərin gedişi diqqətlə izlənilməlidir”, - deyə Querra bildirib. O, həmçinin qeyd edib ki, həkimlər və tibb işçiləri artıq koronavirus təhdidi ilə mübarizə aparmaq üçün kifayət qədər biliyə yiyələniblər”.
Azərbaycan Tibb Universitetinin(ATU) profeessoru Adil Qeybulla isə “Sherg.az”a açıqlamasında vəziyyətin tədricən yaxşılacağını düşündüyünü söyləyib:
“Məncə, koronavirusun taleyi də ermənilərinki kimidir. Hər ikisi son nəfəslərini verir. COVİD-19-un mutasiyaya uğrayaraq zəiflədiyi göz önündədir. Avropada ikinci dalğa davam edir.
Bizdə isə hələ birinci dalğa başa çatmayıb. Rəsmi məlumatlardan belə məlum olur ki, təhlükə getdikcə azalır. Bunu gündəlik müşahidələr də təsdiqləyir.
Belə ki, xəstələrin sayı da əvvəlkitək çox deyil. Fikrimcə, koronavirus bu il, yəni yaxın aylar ərzində bitəcək. Əgər gələn il də olarsa, deməli, təbii yox, süni silah imiş. Çünki COVİD-19-un bu qədər uzun çəkməsi təbii viruslara aid xüsusiyyət deyil”.
A.Qeybullanın sözlərinə görə, diqqətli olmaqda fayda var:
“Artıq payız fəsli başlayıb, havalar soyuyur və qış yaxınlaşır. Bu aylarda həmişə soyuqdəymə xəstəlikləri olur. Belə xəstəlikləri koronavirusdan ayırmaq çətindir. Çünki simptomlar eynidir-hərarət, öskürək, halsızlıq. Odur ki, indi ikili təhlükə var. Belə olan halda karantin davranışlarına əməl etməliyik.
Sosial məsafəni qorumaq, dezinfeksiya edici maddələrdən, tibbi maskadan yararlanmaq bizi təkcə koronavirusdan, həm də digər mövsümi xəstəliklərdən qoruyur”.