Diqqətli olun, ölüm riski artır

Orqanizmin həm qriplə, həm də koronavirusla mübarizə aparması çətindir


"İnsanlar hələ də qripin soyuqdəyməyə bənzədiyini düşünür, lakin bu belə deyil. Əgər insanlar hər iki infeksiyaya eyni anda yoluxsalar, o zaman daha ciddi problemlər olacaq". 

Bu sözləri həkim-pulmonoloq Nərminə Rəfiyeva deyib. Həkim bildirib ki, iki infeksiya bir orqanizmə düşdükdə xəstəlik daha da ağır olur: "Ola bilər ki, adi qripi insan yüngül keçirsin.

Amma həm koronavirusa, həm də qripə yoluxma insanın səhhətini daha da ağırlaşdırır. Çünki iki virusla orqanizmin mübarizə aparması çətindir. Orqanizm virusdan zəiflədikdə müqavimət zəifləyir. Belə halda isə ölüm riskini artırır".

Həkim bildirib ki, ən çox narahatlıq yaradan vəziyyət ondan ibarətdir ki, insanlar bir çox hallarda koronavirusla adi qripi fərqləndirə bilmirlər: "Bəzən adi qripə yoluxan adam lazımsız panikaya düşürək koronavirusa yoluxduğunu zənn edir.

Koronavirus xəstəsi isə sadəcə mövsümi qrip olduğunu. Nəticədə ziddiyyətli və təhlükəli vəziyyət yaranır. Koronavirusu adi qripdən fərqləndirmək üçün epidemioloji analizdən istifadə etmək lazımdır".

Həkim-pulmonoloq qeyd edib ki, qrip xəstəliyi gənclərdə nisbətən yüngül, xüsusi əlamətləri və ağırlaşma halları olmadan keçə bilir:

"Çünki digər respirator viruslar daha çox yüngül hərarət, bir neçə gün davam edən halsızlıqla özünü büruzə verir. Qrip isə daha ağır xəstəlikdir, yoluxma zamanı yüksək hərarət və əzələ-oynaq ağrıları qeydə alınır.

Qrip ciddi ağırlaşma və pnevmoniyaya səbəb olan virusdur və uşaqlarda da ağır fəsadlara səbəb ola bilir".