"Unutmayaq ki, özümüzü qorusaq, o zaman əsgəri də qorumuş olarıq"
COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejimi yumşaldıldıqdan sonra paytaxtdakı mənzərə heç də ürəkaçan deyil. Bəzi karantin qaydalarının ləğvi vətəndaşların məsuliyyətsizliyini yenidən üzə çıxarıb. Bu da Operativ Qərargahın yoluxma ilə bağlı açıqladığı statistikada öz əksini açıq şəkildə büruzə verir.
Yoluxanların sayının 4 rəqəmli statistikaya keçməsi vəziyyətin çox ciddiliyindən xəbər verir. Vəziyyətin günü-gündən bu həddə gəlib çatmasında vətəndaşların sosial məsafə saxlamamaq və maskadan istifadə etməməkləri ilə əlaqələndirmək hazırkı duruma görə çox məntiqlidir.
Həkim Vaqif Qarayev deyir ki, bu günləri aktiv xəstə sayı durmadan artır. Həkim bildirib ki, bəzən yoluxma sayının azlığı insanları aldadır:
"Yoluxma sayının rəqəmləri test sayına görədir. Qeyd edim ki, ümumi vəziyyət heç də xoşagələn deyil. Etiraf edək ki, nəqliyyat heç vaxt səliqə ilə işləməyib, bundan sonra da yaxşı nəsə gözləməyək. Amma bir məsələni qeyd edim ki, əgər ictimai yerlərdə maskasız gəziriksə, buna yalnız özümüz günahkarıq! Çox əsəbi olur belə adamlar. Elə bil kiminsə irad bildirməyini gözləyirlər ki, davaya başlasınlar. Kifayət qədər virusa məsuliyyətsiz yanaşıb yoluxanlar tanıyıram. Unutmayaq ki, özümüzü qorusaq, o zaman əsgəri də qorumuş olarıq!".