Artıq Azərbaycanda da açıq havada maska taxmaq mütləqdir
Yarım ildir dünya gündəmində olan koronavirus infeksiyası həyatımıza yeni şərtlər gətirdi. İnsan oğlunun bir çox alışqanlıqlarını silərək, yerinə fərqli qaydalar diktə etdi. Cəmi bir neçə ay əvvələ qədər tibb işçilərindən başqa, çox az adamın ehtiyacı olan maska, indi hava və su kimi həyatımızın ən vacib elementinə çevrilib.
Ölüm-qalım məsələsində qoruyucumuza, dünyanı istila edən virusa qarşı sipərimizə dönüb. Bəli, bu, bir reallıqdır ki, bəzən böyük bəlaların qarşısını kiçik həmlələrlə də almaq mümkündür. Elə koronavirus pandemiyasına qarşı mübarizənin də üsulları çox asan və sadədir: sosial məsafə, maska taxmaq və gigiyena qaydalarına riayət etmək.
Milyonlarla insanın mübarizə apardığı koronavirusdan qorunmaqda, onun yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biri olan maskadan istifadə daha çox vacibdir.
Mütəxəssislər qapalı yerlərdə, hətta açıq sahələrdə də maskadan istifadənin təhlükədən qorunmaqda müstəsna rol oynadığını dönə-dönə vurğulayırlar. Gürcüstan dövləti artıq nəinki qapalı məkanlarda, hətta açıq havada belə insanlara maska taxmağı tələb edir.
Həkim Adil Qeybulla hesab edir ki, ölkəmizdə də insanların açıq havada maskadan istifadə etməsi mütləqdir:
"Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxma sayında günbəgün kəskin artım müşahidə olunur. Bəzi tədqiqatlar zamanı müəyyən olundu ki, açıq havada maska taxmağa ehtiyac yoxdur. Amma düşünürəm ki, əgər insanlar açıq havada biri-birləri ilə ünsiyyətdə olurlarsa, mütləq maskadan istifadə etməlidirlər. Düzdür, insanların çoxu qapalı məkanlarda ondan istifadə edirlər. Hamıya maska taxmaq tövsiyə edərkən yüngül formada xəstəlik keçirən, eyni zamanda, asimptomatik, hər hansı klinik əlaməti olmayan insanlar da nəzərə alınır. Həmin şəxslərdə xəstəlik əlaməti olmasa da, onlar aktiv virus daşıyıcılarıdırlar. Bu insanlar virusu digərlərinə yoluxdura bilərlər. Maska taxılması ilə xəstə və sağlam insanı ayırd etmədən xəstəliyin ötürücülüyünün qarşısı alınır. Bu, eyni zamanda sosial mesajdır. Hər kəs maska taxdığı zaman ortamda olan digər insanlar da bunu özünütənqid bilərək maska taxmağa məcbur olur. Maskanın qoruyuculuğu 100 faiz deyil. Ancaq yoluxma sayı xeyli azala bilər".