UNEP: Plastikdən istifadə azalır, təkrar xammal isə artır


Plastik qabların tərkibində təkrar xammalın həcmi 2019-cu ildə 22 faiz, plastik qabların istifadəsi isə 0,1 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) yeni hesabatında bildirilir. Hesabat “Yeni Plastik İqtisadiyyat” adlı qlobal təşəbbüs çərçivəsindəki bir il ərzində əldə edilmiş inkişafa həsr olunub.

Təşəbbüsün əsas məqsədi plastik qabların istifadəsini azaltmaq və onların səmərəli emalını təşkil etməkdir. Qeyd edək k, ölkələr və şirkətlər də polivinilxlorid kimi zəhərli plastik növlərindən, birdəfəlik plastik məhsullardan, məsələn, paketlərdən, stəkanlardan və ya su içmək üçün plastik çubuqların istifadəsindən tamamilə imtina etməyə çalışır.

“Hesabatımızdan göründüyü kimi, ölkələr bununla bağlı müvafiq tədbirlər görür, ən zəruri problemləri həll edir və eyni zamanda, çoxtərəfli siyasi yanaşma kontekstində istehsalçılar üçün genişləndirilmiş məsuliyyət sistemi, vergi güzəştləri və dövlət satınalmaları təcrübəsini tətbiq edir”, - deyə UNEP-in nümayəndəsi Ligiya Noronya bildirib.

“Biz digər dövlətləri də bu nümunəyə əməl etməyə və onları qlobal səviyyədə sıx əməkdaşlığa dəvət edirik”, - deyə Noronya əlavə edib.

Xatırladaq ki, Azərbaycanda da plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması üzrə tədbirlər planı həyata keçirilir. Bu sənəd çərçivəsində geniş istifadə olunan plastik paketlərin tədricən məhdudlaşdırılması və alternativ materialların istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlər görülür.