Ölkəmizdə, istərsə də dünya ölkələrində heç kim karantin qaydalarına riayət etmək istəmir
Koronavirus bütün ölkələrdə tüğyan etməkdə davam edir. Artıq infeksiyaya yoluxanların sayı rekord sayda artaraq epidemik vəziyyəti gərginləşdirir. Eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər tənəffüs yolları infeksiyalarının sayının artması da müşahidə edilir. Buna görə də bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Dünyada olduğu kimi, ölkəmizdə də son dövrlər koronavirusa yoluxma sayı artıb.
Sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, Nazirlər Kabineti ölkə ərazisində xüsusi karantin rejiminin müddətini dekabrın 1-dək uzadıb. Amma o da istisna edilmir ki, epidemioloji vəziyyət bu cür olacağı təqdirdə göstərilən müddət uzadıla da bilər.
Həkim-pulmonoloq Ramin Nəriman koronavirusla bağlı “Şərq”ə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Son günlər ölkəmizdə koronavirusa yoluxma saylarında kəskin artım müşahidə olunmaqdadır. Sizcə, bunun əsas səbəbi nə ilə əlaqədardır?
- Son bir aydan başlasaq, bu, bir qədər psixoloji məsələlərlə bağlıdır. Yəni müharibə dövründə biz psixoloji olaraq infeksiyadan qorunma qaydalarını sanki ikinci plana keçirdik. Bunun da yoluxma saylarının artımında müəyyən qədər rolu oldu.
- Hazırda ölkəmizdə koronavirusla bağlı ölüm sayının artması da müşahidə olunmaqdadır. Bunun əsas səbəblərini nədə görürsünüz?
- Ölüm sayının artmasına səbəb xəstə sayının artmasıdır. Xəstə sayı artdıqca propesional olaraq ölümün artması da gözlənilən haldır. Onu da qeyd edim ki, Azərbaycandakı ölüm faizi digər ölkələrin ölüm faizindən müqayisədə azdır.
- Koronavirusun bu ilin sonuna kimi mutasiyaya uğrayacağı və o qədər də təhlükəli olmayacağı proqnozlaşdırılırdı. Amma təəssüf ki, bu deyilənlər özünü doğrultmadı...
- Ümumiyyətlə, koronavirus haqqında deyilən proqnozların 90 faizi demək olar ki, özünü doğrultmur. Yadınızdadırsa, bəzi mütəxəssislər iddia edirdilər ki, koronavirus yayda mutasiyaya uğrayacaq. Hətta havaların isti olması səbəbindən virusun aqressivliyinin azalacağını deyirdilər. Çox təəssüf ki, gördüyümüz kimi, bütün dünya ölkələrində, eləcə də ölkəmizdə ən aqressiv dövr məhz yay aylarına düşdü. Düzdür, təkamül baxımından virusun mutasiyaya uğraması sonda virusun aqressivliyini zəiflədir. Amma artıq Avropa ölkələrinin bəzilərində, məsələn, Britaniyada tədqiqatlar aparılıb və o tədqiqatlar əsasında müəyyən olunub ki, koronavirusun aqressivliyi mutasiya nəticəsində müəyyən dərəcədə artıb.
- Buna nəyin əsasında qərar veriblər?
- Əvvəlki aylarda koronavirus xəstələrinin ölümü orta hesabla 13 gün ərzində baş verirdi. İndi isə xəstələrin ölümü nisbətən daha tez, yəni 8-12-ci günündə baş verir. Bu da onu göstərir ki, bəli, doğrudan da virusun aqressivliyi mutasiya nəticəsində artıb.
- Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda yumşalma tədbirlərinin olması, sizcə, koronavirusun artmasının səbəblərindəndir?
- Əlbəttə. Ona görə ki, birincisi, dünyanın hər yerində məktəblərin və metronun açılması hesabına koronavirus sayı artdı. İkinci səbəbi isə istər ölkəmizdə, istərsə də dünya ölkələrində heç kim karantin qaydalarına riayət etmək istəmir. O cümlədən ya maska taxılmır, ya taxılsa belə düzgün taxılmır. Üçüncüsü, parça maskalardan istifadə olunur. Təbii ki, digər sanitar-gigiyena qaydalarına tam şəkildə riayət olunmur. Yenə hamı salamlaşır, qucaqlaşır, hətta öpüşür də. Koronavirusa yoluxma sayının ölkəmizdə artma səbəblərindən bir də müharibə ilə əlaqədardır. Çünki ən həssas yerimiz olan şəhidlərimizin dəfn mərasimlərində əhalinin kütləvi şəkildə iştirak etməsi yoluxmaya şərait yaradır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, koronavirusun Azərbaycanda və Ermənistanda artmasının səbəbi müharibədir.
- Nəyə görə müharibə vaxtı C0VİD-19 artır?
- Çünki sanitar-epidemioloji qaydalara və karantin qaydalarına riayət etmək olmur. Başqa səbəblərdən biri də sərhədyanı bölgələrdə yaşayanlar, hansılar ki, ermənilər tərəfindən atəşə tutulurdular, həmin şəxslər məcburi yerdəyişmələr etdilər. Tutaq ki, bir evdə əgər 5 nəfər qalırdısa, indi gələn adamların hesabına artım oldu. Bunun nəticəsində bir nəfərin hesabına indi evdə 5 deyil 10 nəfər yoluxacaq. Ona görə də müharibə şəraitinə uyğun olaraq artım gözlənilən idi. Bununla belə dünyadakı vəziyyətə baxanda Azərbaycanda vəziyyət yaxşıdır. Amma mütəxəssislərin də həyəcan təbili çaldığı kimi, qarşıdan gələn soyuq dövr bizə pandemiya ilə bağlı heç də ürəkaçan proqnozlar vəd etmir. Amma gözlənilən təhlükədən qorunmağın yolları da bəllidir. Hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Heç kim məsuliyyət hissini unutmamalıdır.